Accessibility links

Rusiyada daha bir maqnat müəammalı şəraitdə ölüb


LUKoil-un keçmiş top meneceri Aleksandr Subbotinin müəmmalı şəraitdə dünyasını dəyişdiyi bildirilir. Bu fevralın 24-də Moskvanın Ukraynaya səbəbsiz hərbi müdaxiləyə başlamasından sonra rusiyalı iş adamlarının müəmmalı ölümləri silsiləsində sonuncusudur.

Mayın 9-da Moskva vilayət polisinə yaxın mənbələrə istinadən KİV-lər xəbər verir ki, Subbotinin cəsədi mayın 8-də paytaxt yaxınlığındakı Mıtişi şəhərindəki bir evin zirzəmisində tapılıb. Cəsədin mümkün narkotik istifadəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasına göndərildiyi bildirilir.

Mənbələrin məlumatına görə milyarderin cəsədinin tapıldığı ev
Şaman Magua kimi tanınan Aleksey Pindurinə məxsusdur. O, polisə verdiyi ifadədə milyarderin evə spirtli içki və narkotik təsiri altında gəldiyini və ondan əvvələr də sərxoşluqdan sonra özünü pis hiss etmə hallarında olduğu kimi ritual keçirməyi tələb etdiyini bildirib.

Bundan təxminən üç həftə əvvəl aprelin 21-də Rusiyanın ən böyük özəl neft şirkəti olan LUKoil-in təsisçisi və həmtəsisçisi Vahid Ələkbərov Moskvanın Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar olaraq Avstraliya və Böyük Britaniya tərəfindən tətbiq edilmiş sanksiyalara məruz qaldıqdan sonra istefa vermişdi.

Elə həmin gün İspaniya mətbuatı Rusiyanın qaz nəhəngi Novatek-in keçmiş top-meneceri Sergey Protosenya, onun həyat yoldaşı və qızının iki gün əvvəl Barselona yaxınlığındakı Lloret de Mar qəsəbəsində kirayəlik villada ölü tapıldığı haqda xəbər verib.

Polisin verdiyi məlumata görə, 55 yaşlı milyonçu asılmış vəziyyətdə tapılıb, onun həyat yoldaşı və qızı isə villada bıçaqlanaraq öldürülüb.

Aprelin 18-də isə Rusiyanın aparıcı maliyyə institutlarından biri olan Qazprombank-ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.

Polis həmin vaxt mənzilin içəridən kilidləndiyini və Avayevin əlində tapançanın tapıldığını bildirərək, Avayevin özünü öldürməzdən əvvəl həyat yoldaşını və yeniyetmə qızını güllələdiyi haqda nəticəyə gəlib.

Bundan əvvəl isə martın 24-də MedStom tibbi təchizat şirkətinin sahibi Vasili Melnikov həyat yoldaşı və iki oğlu ilə öldürülmüş vəziyyətdə tapılıb.

Rusiya Ukraynaya səbəbsiz hərbi müdaxiləyə başlayandan həyatını itirənlər arasında Qazprom şirkətinin Sankt Peterburqda asılı vəziyyətdə tapılmış top meneceri Aleksandr Tyulyakov və rusiyalı maqnat Mixail Watford da var.

XS
SM
MD
LG