Rusiya bu həftə BMT-nin üç qurumunda seçkilərdə məğlub olub. Bu da Rusiyanın bir il öncə Ukraynaya hərbi müdaxiləsinə müqavimətin güclü olaraq qaldığını göstərir.
BMT-nin 54 üzvlük İqtisadi və Sosial Şurasında (İSŞ) səsvermə 193 üzvlük Baş Assambleyada Rusiyaya qarşı altı qeyri-məcburi qətnamənin qəbul edilməsindən sonraya təsadüf edib. Hərbi müdaxilənin ildönümündə, fevralın 23-də qəbul edilən ən sonuncu qətnamədə Moskva zorakılıqlara son qoymağa və qüvvələrini geri çəkməyə çağırılır. Həmin qətnamə 141-7 səs fərqi ilə qəbul edilib, 32 ölkə isə bitərəf qalıb.
İSŞ səsverməsində Rusiya Qadınların Statusu Komissiyasındakı yer uğrunda mübarizədə böyük səs fərqi ilə Rumıniyaya uduzub. Bundan əlavə Rusiya BMT-nin uşaq agentliyi olan UNICEF-in idarə heyətinin üzvü olmaq üçün keçirilən səsvermədə Estoniyaya məğlub olub. Rusiya həmçinin Cinayətin Qarşısının Alınması və Cinayət Ədaləti Komissiyasına üzvlüklə bağlı keçirilən gizli səsvermədə Ermənistan və Çex Respublikasına uduzub.
ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild çərşənbə günü keçirilən səsvermələrdən sonra “Bu, İSŞ üzvləri tərəfindən açıq bir işarədir ki, heç bir ölkə BMT Xartiyasını kobud şəkildə pozduğu bir vaxt, mühüm BMT qurumlarında vəzifəyə sahib ola bilməz” deyib.
İSŞ-nin nəzarət etdiyi 14 komissiya, şura və ekspert qrupunun üzvləri üçün keçirilən səsvermədə Rusiya akklamasiya yolu ilə Sosial İnkişaf Komissiyasına seçilib ki, irləşmiş Ştatlar və Böyük Britaniya Rusiyanın işğalının beynəlxalq hüququ və Ukraynanın ərazi bütövlüyü pozduğunu deyərək ölkələrini bu komissiyadan ayırdı.
Rusiya həmçinin akklamasiya yolu ilə Mühasibat Uçotu və Hesabatın Beynəlxalq Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupuna seçilib.