Avropanın Yəhudi Konqresi (AJK) Rusiyanın xarici işlər naziri Sergey Lavrovu ABŞ-ın Rusiyaya qarşı koalisiya yaratmasını "yəhudi məsələsini kökündən həll etmək istəyən" Adolf Hitlerlə müqayisə oluna biləcəyini dediyi üçün üzr istəməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi bu müraciətə cavab olaraq bildirib ki, Moskva "uzun illər Ukraynada anti-semitizmin fəlakətli səviyyəsinə məhəl qoymayan və özünü nüfuzdan salan təşkilatın rəyi ilə maraqlanmır".
Lavrov deyib ki, "Birləşmiş Ştatlar demək olar ki, bütün avropalılar, NATO üzvləri və təkcə Avropa İttifaqı üzvlərindən ibarət koalisiya ilə deyil, həm də Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparır. Eyni ilə - Hitlerin "yəhudi məsələsini kökündən həll etmək" istədiyi kimi Rusiya məsələsinin də kökündən həllini istəyir" - deyə, Rusiya xarici işlər naziri bildirib.
"Biz nazir Lavrovun demokratik ölkələr koalisiyasının addımları ilə Hitlerin Holokost zamanı altı milyon yəhudini təqib etməsi və qətlə yetirməsi arasında apardığı bu biabırçı müqayisədən şoka düşdük və dəhşətə gəldik" , Avropa Yəhudi Konqresinin prezidenti Ariel Muzıkant deyib.
Onun sözlərinə görə, Lavrovun dedikləri "ən elementar səviyyədə Holokostun təhrifidir". Konqres Lavrovu birmənalı şəkildə üzr istəməyə çağırıb və qeyd edib ki, bu, Rusiya Xarici İşlər Nazirliyi rəhbəri Hitlerə ilk dəfə istinad etmir.
"Buna son qoyulmalıdır. Yaxın günlərdə biz Holokostun Beynəlxalq Anım Gününü, Qırmızı Ordunun Osvensim şəhərini azad etdiyi günü qeyd edəcəyik və Holokost qurbanlarının xatirəsindən heç vaxt belə dəhşətli şəkildə istifadə edilməməlidir" - deyə, o əlavə edib.
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra İsraillə Rusiya arasında "antisemitizm" qalmaqalı yaşandı. Söhbət Lavrovun İtaliyanın "Mediaset" televiziya şirkətinə Ukraynadakı müharibə ilə bağlı müsahibə verməsi ilə başlayıb. Ondan Ukrayna prezidenti Volodimir Zelenski yəhudi olduğu halda Moskvanın Ukraynanın "nasifikasiyası" və Kyivdəki "nasist" rejimi ilə bağlı bəyanatlarını necə əlaqələndirmək olduğu soruşulub. Lavrov buna belə cavab verib: "O, bir arqument irəli sürür: yəhudidirsə, onlarda hansı faşizm ola bilər? Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı olub. Bu, qətiyyən heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən fəal antisemitlər, bir qayda olaraq, yəhudilərdir. Bizim dediyimiz kimi "qüsursuz ailə yodxur".