Accessibility links

Rusiya Ukraynanın mühüm infrastruktur obyektlərinə raket zərbələri endirib


Rusiya cümə günü Ukrayna boyu raket zərbələri endirib. Mühüm infrastruktur obyektlərinə endirilən zərbələr nəticəsində elektrik enerjisi kəsilib.

Avropanın ən böyük nüvə stansiyasının yerləşdiyi Zaporijye şəhərinin meri vəzifəsini icra edən şəxsin sözlərinə görə, bir saat ərzində şəhərə 17 raket atılıb.

Ölkə daxilində hava hücumu sirenləri səsləri eşidilib. Rəsmilər insanlara sirenlərə diqqət etmələri və onları eşidəndə sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.

Bu hücumlar Rusiyanın fevralın 24-ə başlatdığı Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsinə təsadüf edib.

Raket hücumları həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin London, Paris və Brüsselə etdiyi son səfərlərdən sonra həyata keçirilib. Zelenski Avropa liderləri ilə görüşərək, Rusiyanın Ukraynaya işğalını dəf etmək üçün qırıcı təyyarələr istəyib.

Ukraynaya ABŞ, Almaniya və digər NATO müttəfiqlərindən tanklar vəd edilib. Lakin Rusiyaya qarşı əks hücuma keçmək üçün hələlik kifayət qədər tank yoxdur.

Britaniyanın Müdafiə Nazirliyi cümə günü bildirib ki, Rusiya qüvvələri Ukraynanın iki mühüm məntəqəsində - Donbasın Baxmut şəhərinin şimalında və Vuhledar şəhərinin qərbində "çox ehtimal ki, taktiki uğur qazanıb".

Britaniya kəşfiyyatı Twitter səhifəsində dərc etdiyi hesabatda Rusiya qüvvələrinin şəhərin qərb tərəfində irəlilədiyini yazıb.

Nazirliyin bildirdiyinə görə, "Vaqner" qrupu Baxmutun şimalında şəhərə gedən əsas yolun yaxınlığındakı əraziyə nəzarəti ələ keçirərək, qərbə doğru 2-3 kilometr irəliləyib.

XS
SM
MD
LG