Accessibility links

Dron hücumundan sonra Rusiyanın Klintsı şəhərindəki neft anbarında yanğın baş verib


Rusiyanın Bryansk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində Klintsı şəhərindəki neft anbarının ərazisində yanğın baş verib. İlkin məlumata görə, itki yoxdur. Yanğın bir neçə neft çənini bürüyüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerindədir. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında hadisə yerinə 13 yanğınsöndürən tankerinin gətirildiyini yazıb.

O, Ukrayna Silahlı Qüvvələrinin sərhəddən 50 kilometr aralıda yerləşən Klintsı şəhərindəki hədəflərə hücum etməyə cəhd etdiyini iddia edir. Qubernatorun yazdığına görə, təyyarə tipli pilotsuz uçuş aparatı Rusiyanın elektron döyüş texnikası tərəfindən vurulsa da, "lakin məhv edildikdən sonra döyüş sursatları Klintsı neft anbarının ərazisinə düşüb" və bundan sonra yanğın başlayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətində pilotsuz təyyarənin vurulması barədə məlumat yayıb. Məlumatda zərər və hücumun hədəflərindən bəhs edilməyib. Yerli ictimai səhifələr yanğının foto və videolarını, eləcə də "şəhərin hər tərəfindən görünən" qara tüstünü nümayiş etdirib.

Yanğın şəhərə gələn qatardakı sərnişinlər tərəfindən çəkilib və görüntülər Caution News-da yayımlanıb.

Moskva Dəmir Yolları yanğının söndürülməsinə yanğınsöndürmə qatarının da cəlb olunacağını bildirib.

TASS agentliyi regionun əməliyyat xidmətlərinə istinadən xəbər verib ki, yanğının sahəsi min kvadrat-metrdir və dörd benzin çəni yanır.

Forum

XS
SM
MD
LG