ABŞ-ın Pekinin Ukraynaya qarşı müharibə səylərinə yardım etmək üçün Moskvaya silah verə biləcəyindən narahatlığını ifadə etdiyi bir vaxt Rusiya və Çin daha sıx əlaqələr qurub. Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında əlaqələrin "yeni mərhələyə" çatdığını deyib.
Çin Rusiyanın bir ildir Ukraynaya təcavüzünü tənqid etməkdən imtina etsə də, Moskva qüvvələrinə hərbi dəstək verdiyini inkar edib. Kremlin sözçüsü Dmitri Peskov Pekin nümayəndələrinin artıq bu məsələyə toxunduğunu və onların "bunu qəti şəkildə təkzib edib. Burada əlavə ediləcək heç nə yoxdur" deyib.
Putin Çinin baş diplomatı Van İni Kremldə qarşılayıb və ona Çin prezidenti Si Tzinpinin Moskvaya səfərini səbirsizliklə gözlədiyini deyib və əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi tezliklə 185 milyard dollardan 200 milyard dollara çata bilər.
"Biz Çin Xalq Respublikası prezidentinin Rusiyaya səfərini gözləyirik, bu barədə razılığa gəlmişik.Hər şey irəliləyir, inkişaf edir. Biz yeni mərhələlərə çatırıq" - deyə, Putin bildirib.
Van İnlə danışıqların əvvəlində Putin iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib. Dünyada gərginliyin artması ilə bağlı Putin Çin Xalq Respublikası ilə Rusiya Federasiyası arasında qlobal arenada əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi üçün xüsusilə vacibdir deyib.
Van İn tərcüməçi vasitəsilə Putinə deyib ki, iki ölkənin münasibətləri heç bir üçüncü tərəfə qarşı yönəlməyib, "üçüncü tərəfin təzyiqinə tab gətirməyəcək".
"Biz birlikdə beynəlxalq münasibətlərdə çoxqütblülük və demokratikləşməni dəstəkləyirik. Bu, zaman və tarixin axarına tam cavab verir. Bu həm də əksər ölkələrin maraqlarına cavab verir” Van İn Putinə deyib.