Tanınmış rusiyalı jurnalisti Sergey Dorenko Moskvada həlak olub. Bu barədə məlumatı “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktova istinadən “İnterfaks” xəbər agentliyi bildirib.
Rusiyanın “Beşinci Kanal”-ı xəbər verir ki, Dorenko motosikletin idarəsini itərərək, qəzaya uğrayıb. Qəza Nikolayamskaya küçəsində baş verib.
TASS xəbər agentliyi dəqiqləşdirir ki, jurnalist motosikleti idarə edərkən ürəyinə görə halı pisləşib.
Televiziya kanalının verdiyi məlumata görə, kliniki ölüm keçirmiş Dorenko xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Dorenkonun 59 yaşı var idi. 2014-cü ildən etibarən o, “Danışır Moskva” radiostansiyasının baş redaktoru idi. Dorenko populyarlığı 2000-ci ilə qədər Rusiyanın ORT televiziya kanalında çıxan müəllif proqramı sayəsində qazanıb. 2000-ci ilin sentyabr ayında “Kursk” sualtı qayığının qəzasına həsr edilmiş efirdən sonra isə Dorenko işdən azad edildi. Həmin verilişdə o, hökumətin və prezident Vladimir Putinin xilasetmə əməliyyatı zamanı fəaliyyətini tənqid etmişdi.