Accessibility links

Polad Bülbüloğlu: Rusiya Azərbaycan fermerlərinə məhsulları alacağına təminat verməlidir


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun mətbuat konfransı
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun mətbuat konfransı

Moskvada İTAR TASS informasiya agentliyində ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirilib.

APA agentliyinin məlumatına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübüloğlu bildirib ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlardır: "İki ölkə arasında münasibətlərin tarixi qədimdir. Bizi bir-birimizə sıx tellər bağlayır. İndi də Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir. Tez-tez iki ölkənin hökumət rəsmilərinin qarşılıqlı səfərləri olur. İki ölkə arasında humanitar, iqtisadi və mədəniyyət sahəsində əlaqələr günü gündən inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında hər həftə 140 aviareys həyata keçirilir. Təkcə, gündə Bakı ilə Moskva arasında yay aylarında 9 aviareys, qış aylarında isə 7 aviareys həyata keçirilir. Bu faktın özü iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu göstərir".

Səfir jurnalistlərin sualına cavabda Ukraynada baş verənlərə də münasibət bildirib. "Ukraynada baş verənlər sovet dövründə doğulan insanlar üçün kədərli bir tarixdir. Ukraynada vətəndaş müharibəsi gedir. Əlbəttə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz II Dünya müharibəsindən sonra yaradılan nizamın dağılmasını istəmirik. Təəssüflər olsun ki, son 20 ildə bu nizam dağıldı. İlk olaraq Kosovo, daha sonra digərləri... Azərbaycan Ukraynadakı problemin siyasi yolla həllinin tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemini yaşayır. Bu gün Azərbaycan hərbi cəhətdən çox güclü ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Ona görə də, istərdik ki, Ukraynadakı problem də siyasi danışıqlar yolu ilə həll olunsun".

Səfir deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar aparır. “ATƏT-in Minsk qrupu ilə birgə çalışırıq ki, müharibə olmasın, qan tökülməsin, bu münaqişəyə digər dövlətlər, o cümlədən qonşu dövlətlər cəlb olunmasın. Çünki bunun nəticələri bütün tərəflər üçün çox acınacaqlı ola bilər”.

Bülbüloğlu sentyabrın 15-də Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasına da toxunub.

"Əsas müzakirə mövzusu təbii ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı idi. İki ölkənin müxtəlif nazirlikləri bu barədə geniş müzakirələr apardılar".

Səfir Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınmasının nizama salınmasının vacibliyini vurğulayıb.

"Azərbaycan kənd təsərrüfat məhsulları ilə özünü tam təmin edir, həm də ixracla məşğul olur. Bu gün Azərbaycanla Rusiya arasında logistika çox yüksək səviyyədədir. Lakin məhsulların daşınmasında bəzən inzibatı problemlər baş verir. Bu problemlərdən biri də Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin ("Rospotrebnadzor") yaratdığı problemlərdir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır”.

Rusiyaya nə qədər kənd təsərrüfatı məhsulu lazımdır? “Azərbaycandakı fermer təminat almalıdır ki, yetişdirdiyi məhsulu Rusiya ondan alacaq. Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin”, səfir qeyd edib.

Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev çıxışında bildirib ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb. "Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik".

Deputat Rusiya bazarına Azərbaycan banklarını da dəvət edib.

"Çünki Azərbaycan manatını əsassız yerə "qızıl manat" adlandırmırlar. Azərbaycanın milli valyutası çox sabitdir. Hətta perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür".

XS
SM
MD
LG