Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirib.
Bu barədə Rusiya mətbuatı Rusiya müdafiə naziri Sergey Şoyquya istinadən məlumat verib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi rəsmi saytında raket zərbələrini əks etdirən video material yayıb.
Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib.
Döyüşçülərin məhv edilməsi üçün aviasiyadan başqa, bu gün səhər Xəzər Donanmasının gəmiləri də cəlb edilib, dörd raket gəmisi 11 hədəfə dənizdə yerləşən 26 qanadlı “Kalibr” raketi buraxıb.Sergey Şoyqu, Rusiya Müdafiə Naziri
Cənab Şoyqu bildirib ki, zərbələr “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə endirilib.
“Döyüşçülərin məhv edilməsi üçün aviasiyadan başqa, bu gün səhər Xəzər Donanmasının gəmiləri də cəlb edilib, dörd raket gəmisi 11 hədəfə dənizdə yerləşən 26 qanadlı “Kalibr” raketi buraxıb”, o qeyd edib.
“Zərbələrin nəticələri böyük məsafədə - təxminən 1,5 min kilometrdə raketlərin yüksək səmərəliliyini təsdiq edib”, deyə nazir qeyd edib.
Şoyqu raketlərin məhz hansı bölgədən atıldığını bildirməyib. Lakin bu, prinsipial əhəmiyyət daşıyır. Belə ki, raketlər dənizin Rusiya sektorundan buraxılıbsa, mümkündür ki, onlar Azərbaycan ərazisindən keçib.
Son günlərdə Rusiya aviasiyası yenə Xəzər və İrandan keçərək Suriyaya gedib və “İslam Dövləti” obyektlərini bombardman etməyə başlayıb. Lakin NATO Moskvanı Əsəd rejiminə qarşı mübarizə aparan müxalifət qüvvələrini bombalamaqda ittiham edib.
Rəsmi Bakı Xəzərdə baş verənlərlə bağlı şərh verməyib.
Amerikanın müdafiə naziri Eşton Karter bu gün Romada müxbirlərə bildirib ki, İraq və Suriyada İŞİD-in mövqelərinə havadan minlərlə zərbə endirən ABŞ Rusiya ilə ekstremistlərə qarşı mübarizədə əməkdaşlıq etməyəcək.
Karter Rusiyanın Suriyada İslam Dövlətinin mövqelərini hədəf almadığını deyib. Lakin nazir ABŞ pilotlarının təhlükəsizliyi ilə bağlı Rusiya ilə müzakirələrin davam etdiriləcəyini bildirib.
Bu gün səhər Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü ABŞ və Rusiyanın müdafiə rəsmilərinin Suriyadakı əməliyyatların koordinasiyasına dair danışıqlar keçirəcəyini bəyan etmişdi.