Accessibility links

Rusiya və Ukrayna liderləri atəşkəs haqda razılıq əldə edib


Rusiya və Ukrayna liderləri bazar ertəsi Parisdə Fransa və Almaniyanın da daxil olduğu dördtərəfli danışıqların ardınca bu ilin sonuna kimi atəşkəs və məhbus mübadiləsi həyata keçirmək barədə razılığa gəlib.

Hər bir dövlət başçısı irəliləyişlər əldə etdiklərini və bu danışıqların irəliyə doğru bir addım olduğunu söyləyib. Liderlər dörd aydan sonra yenidən bir araya gələcəklər.

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəsin bu ay baş tutacağına inandığını bildirib. O, mətbuat konfransı zamanı irəliyə doğru atılan addımları və irəliləyişləri qeyd edərək, digər liderlərin bənzər fikirlərini təkrar edib.

Zelenski deyib ki, "bu, dondurulmuş vəziyyət deyil". "Sualınıza gəlincə, bəli, hiss edirəm ki, növbəti dörd ayda bir daha görüşəcəyik və uğurlarımız əsasında irəli addım atıb digər məsələlərimizi həll etmək iqtidarındayıq" - deyə, Ukrayna prezidenti fikrini tamamlayıb.

Bu, ukraynalı aktyor Zelenskinin bu ilin əvvəli prezident vəzifəsinə başlayandan sonra rusiyalı həmkarı Vladimir Putin arasında ilk görüş idi. Sözügedən görüş 2016-cı ildən bəri Fransa və Almaniyanın da i.tirak etdiyi ilk belə dördtərəfli sammitdir.

Putin Rusiya ilə Ukrayna arasında təsvir edilən mümkün yumşalmanın doğru olduğunu vurğulayıb. "Bir çox məsələlərdə irəliləyiş əldə etdik. Bütün bunlar işlərin düzgün getdiyini göstərir" - deyə, Rusiya lideri keçirilən sammitə münasibət bildirib.

Danışıqlar, 2014-cü ildən bəri 13 mindən çox insanın ölümünə səbəb olan iki ölkə arasında davam edən qarşıdurmanın həllini tapmağı hədəfləyir. Hər iki tərəf də digərlərini 2015-ci il sülh sazişinə əməl etməməkdə günahlandırırdı.

Siyasətə yeni gələn prezident Zelenski qarşıdurmaya son qoymağı prioritet hala gətirib.

Lakin bir çox ukraynalı onun çox güzəştə gedə biləcəyindən narahatdır. Paris görüşü ərəfəsində minlərlə insan paytaxt Kiyevdə Moskvaya hər hansı bir "kapitulyasiyaya" qarşı çıxıb.

Danışıqlar həm də onlara ev sahibliyi edən Emmanuel Makron üçün diplomatik sınaq kimi qiymətləndirilir. Fransa prezidenti Ukrayna böhranı ilə əlaqədar Avropa İttifaqının bir neçə ildir davam edən sanksiyalarından sonra Rusiya ilə yenidən əlaqə qurmaq istəyir. Lakin bu addım Avropa İttifaqının Polşa kimi üzvləri tərəfindən müqavimətlə qarşılaşıb.

XS
SM
MD
LG