Rusiyanın keçən ilin aprel ayında Polşa prezidenti Lex Kaçinski və digər 95 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəblərinə dair mübahisəli hesabatı açıqlamasından sonra iki ölkə rəsmiləri arasında sərt bəyanatlar mübadiləsi olub. Dünən açıqlanan hesabatda hava şəraitinin pisliyinə görə təyyarəni Smolensk şəhərində yerə endirmək qərarına gələn pilotlarının qəzaya səbəb olduğu nəticəsinə gəlinib. Varşavada isə Polşanın baş naziri Donald Tusk hesabatı “natamam” adlandıraraq deyib ki,hər iki ölkənin qəbul edə biləcəyi variantının hazırlanması üçün Rusiya rəsmiləri ilə məsləhətləşmək üçün görüş xahiş edəcək. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov istintaqla bağlı şayiələri qeyri-etik adlandırıb. O, heç kimin bu faciədən “siyasi kapital əldə etmək” üçün istifadə etməyəcəyinə ümid bəslədiyini bildirib. Cənab Lavrov ABŞ, Polşa, Rusiya və başqa Avropa ölkələrindən qabaqcıl beynəlxalq ekspertlərin yardımı ilə hesabatı hazırlayan komissiyanın işini müdafiə edib.