Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək və Türkiyə hərbçiləri artıq Azərbaycana yola düşüb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Xəbərdə deyilir ki, Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi 2021-ci ilin yanvarında fəaliyyətə başlayacaq. Zabit və kiçik zabit heyətindən ibarət monitoriqn mərkəzinə Türkiyə tərəfdən bir briqada generalı komandanlıq edəcək.
Əvvəlcə monitorinq mərkəzində 25 nəfərlik Türkiyə hərbi heyəti olacaq. Sonrakı həftələrdə bu rəqəm 60-a çatacaq.
Azad edilmiş Ağdam şəhərində xidmət edəcək birgə monitorinq mərkəzi tərəflərin atəşkəs razılığına əməl edib-etmədiklərini yoxlayacaq.
“Həm rus qoşunlarının quru patrullarından alınan məlumatlar, həm də pilotsuz uçuş aparatları vasitəsi ilə bölgədəki son vəziyyətə dair toplanacaq məlumatlar birgə mərkəzdə araşdırılacaq. Atəşkəsin pozulması hallarında, Moskva və Ankara ilə yanaşı, Bakı və Yerevanla da birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunmasına çalışılacaq,” xəbərdə qeyd edilir.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında intensiv hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.
Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.
Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.
Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.