Amerikanın Səsinin Rus xidmətinin verdiyi məlumata əsasən, iyunun 23-də Sankt-Peterburq şəhərinin Petroqrad rayon məhkəməsi “İnternet araşdırmaları” cəmiyyətinin keçmiş işçisi Lyudmila Savçukun şirkətə qarşı iddiası üzrə dinləmə keçirib.
Lyudmila Savçuk məhdud məsuliyyətli cəmiyyət olan “İnternet araşdırmaları” şirkətinə 2015-ci ilin yanvar ayında işə düzəlmişdi. Onun əsas işi müxtəlif internet-resurs informasiya saytlarında şərhlər yazmaqdan ibarət idi.
Savçuk cəmiyyətdə fevral ayına qədər işləməyə davam edib və yanvar ayı üçün maaşnı alıb. Lakin martın 11-də şirkətin rəhbərliyi ona işindən razı olmadığını bildirərək işdən azad edib. O nə işə götürüləndə, nə də azad ediləndə heç bir rəsmi sənəd hazırlanmayıb, fevral ayında maaş da verilməyib.
Sank-Peterburq şəhərində 55 saylı evdə yerləşən “İnternet araşdırmaları” cəmiyyəti “trollar fabrikası” adı ilə məşhurdur. “Fabrik”in əsas işi müxtəlif qondarma və anonim adlar altında məqalələr, qeydlər və başqa müəlliflərin yazılarına rəylər və şərhlər yazmaqdan ibarətdir. Bütün bunlar Rusiya hakimiyyəti və prezident Vladimir Putinin fəaliyyətlərinə ictimai dəstəyin yüksək olduğunu göstərmək məqsədilə edilir. Burada xarici dillərdə savadlı materialların yazılmasına xüsusi əhəmiyyət verilir.
“Daim elektron hesabıma təhqirlər göndərilir. “Nemtsovun öldürüldüyü körpü yadındadırmı?” kimi suallar verirlər."-Lyudmila Savçuk
“Fabrika”nın trolları xarici ölkələrdə vəziyyətlə bağlı bir sıra yazıların müəllifidir. 2014-cü ildə sentyabrın 14-də ABŞ-ın Luiziana ştatında internetdə verilmiş məlumatlara əsasən kimya zavodunda partlayış və zəhərli maddələrin havaya sızması ilə bağlı xəbərlərdən sonra panika yaradılmasında onlardan şübhələnilir. Almaniyada isə kansler Angela Merkelin İnstaqram sosial şəbəkəsində hesabına hücumun arxasında da “trollar fabrikası”nın müəlliflərinin dayandığına inanılır. Üç gün ərzində xanım Merkelin səhifəsinə 40 min yeni üzv sosial şəbəkədə nalayiq sözlər yazmaqla məşğul olub.
“Trollar fabrikası” Sank-Peterburqda artıq bir müddətdir fəaliyyət göstərir. Bəzi məlumatlara görə, “İnternet araşdırmaları” cəmiyyətinin sahibi Vladimir Putinin yaxın tanışı Evgeni Priqojindir. O, 2000-ci ildən başlayaraq Kremldə ziyafətlərin təşkili ilə məşğul olan “Konkord” holdinqinin rəhbəridir.
Lyudmila Savçuka gəldikdə isə o, “İnformasiya dünyası” hərəkatının təsisçisidir. Onun sözlərinə görə, o, “İnternet araşdırmaları” cəmiyyətində işləməyə onun fəaliyyətini ifşa etmək üçün başlayıb. O hesab edir ki, cəmiyyətin fəaliyyəti ekstremizmin bir forması kimi dəyərləndirilə bilər, belə ki bunun əsas məqsədi nifrət hisslərinin qızışdırılmasından ibarətdir.
Lakin Lyudmila Savçukun işində hüquqi baxımdan yeganə qeyri-qanuni hərəkət “trollar fabrikası”nda Rusiya Federasiyasının əmək qanunvericiliyinin pozulmasıdır. Onun iddiasında irəli sürülmüş əsas tələblər işə götürülmə və işdən çıxarılma haqda rəsmi sənədlərin təqdim edilməsi, fevral ayında saxlanmış maaşın verilməsi və mənəvi zərər görə 10 min dollar məbləğində cərimənin ödənilməsindən ibarətdir.
Lyudmila Savçukun hüquqlarını “Komanda 29” adlı qrupun üzvləri müdafiə edir. Qrupun təsisçilərindən biri İvan Pavlov Amerikanın Səsinin Rus xidmətinə müsahibədə deyib ki, qrupa daxil olan hüquqşünaslar, jurnalistlər və bloggerlər informasiyanın yayılması hüquqlarını müdafiə edirlər.
"Bloqlar və şərhlərin yazılması qadağan edilməyib, belə ki Rusiyada söz azadlığı elan edilib. Amma bunun hansı şəkildə baş verməsi, bu yazıların tonu və məzmunu bizi bunları informasiya azadlığının pozulması kimi qiymətləndirməyə vadar edir."-İvan Pavlov hüquq müdafiəçisi
“Lakin biz bu azadlığın pozulması hallarına da diqqət yetiririk və Lyudmila Savçukun işi bizim informasiya azadlığının pozulması kimi mübarizə apardığımız bir məsələdir. Bloqlar və şərhlərin yazılması qadağan edilməyib, belə ki Rusiyada söz azadlığı elan edilib. Amma bunun hansı şəkildə baş verməsi, bu yazıların tonu və məzmunu bizi bunları informasiya azadlığının pozulması kimi qiymətləndirməyə vadar edir. Bu da o deməkdir ki, bizim fəaliyyətimiz üçün sahə var”-deyə İvan Pavlov bildirib.
Məhkəmə iclasında “İnternet araşdırmaları” cəmiyyətini təmsil edən Yekaterina Nazarovanın iddiaçıya və onun vəkilinə təqdim etdiyi sənədlərə əsasən, şirkət mənəvi zərərin ödənməsindən baqaş təqdim edilmiş bütün şikayətlərlə razıdır. Yekaterina Nazarova hətta bildirib ki, Savçuk hələ də “İnternet araşdırmaları” cəmiyyətinin işçisi hesab edilir, lakin o, martın 12-dən sonra işə çıxmır.
Tərəflər bir həftə müddətində danışıqları davam etdirmək haqda razılıq əldə edib. Hakim məhkəmənin növbəti iclasının iyul ayının 2-də keçirilməsi haqda qərar veib.
"Mənə və yaxınlarıma nəsə öyrənmək məqsədilə özlərini jurnalist kimi təqdim edən müxtəlif adamlardan qəribə zənglər gəlir."-Lyudmila Savçuk
Lyudmila Savçuk və onu müdafiə edən “Komanda 29” qrupu bildirir ki, əsas məqsəd “trollar fabrikası”nın bağlanmasıdır. Məhkəmə iclasından sonra Lyudmila Savçuk Amerikanın Səsinin suallarını cavablandırıb. Onun sözlərinə görə, məhkəmə işindən sonra “trollar fabrikası”nın işçiləri tərəfindən ona diqqət artıb. O, Vkontakte sosial şəbəkəsində onu müdafiə edən qrupa qarşı kiber hücum olduğunu deyib. “Daim elektron hesabıma təhqirlər göndərilir. “Nemtsovun öldürüldüyü körpü yadındadırmı?” kimi suallar göndərilir. Mənə və yaxınlarıma nəsə öyrənmək, özlərini jurnalist kimi təqdim edən müxtəlif adamlardan qəribə zənglər gəlir. Bəzən deyirlər ki, biz özümüz də trollarıq, sizə ürəyimiz ağrıdığı üçün informasiya çatdırmaq istəyirik. “İnformasiya dünyası” qrupu diqqət mərkəzindədir. Mən bəzi məqamlardan danışmaq istəmirəm, amma bir prokurorluğa müraciət etmişik, çünki bizə çox ciddi təzyiq var”-deyə Lyudmila Savçuk bildirib.
“Trollar fabrikası”nın Lyudmila Savçukun iddiası əsasənda məhkəmə işini dinc yolla həll etmək istəyi müşahidəçilər tərəfindən təəccüblə qarşılansa da, iddiaçı məsələnin bununla bitməsi ilə razı olmadığını deyir. Lyudmila Savçuk bildirir ki, əsas qələbə “trollar fabrikası”nın bağlanması olacaq. O ümid edir ki, məsələ jurnalistlərin daha geniş diqqətinə səbəb olacaq, çünki orada onun sözlərinə görə, “əmək qanunveiciliyinin pozulmasından daha ciddi şeylər baş verir.”