Accessibility links

Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilir


Altı həftəlik müharibədən sonra Azərbaycan və Ermənistan arasında şiddətli döyüşlərə son qoymaq üçün tərəflər arasında bağlanmış sazişə əsasən Rusiya sülhməramlıları Dağlıq Qarabağa yerləşdirilir.

Müqaviləyə əsasən Azərbaycan geri qaytardığı əraziləri, eləcə də Şuşa şəhərində nəzarəti qoruyur, erməni silahlı qüvvələri isə 1 dekabr tarixinədək digər əraziləri boşaldır.

Ermənistanın Müdafiə Nazirliyi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin son zamanlara qədər ermənilər tərəfindən tam nəzarət edilən bölgədə hərbi əməliyyatların dayandırıldığını və sakitliyin bərpa olunduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu razılıq minlərlə insanın ölümünə, çox sayda insanın didərgin düşməsinə səbəb olan və daha geniş bölgənin müharibəyə cəlb olunması təhlükəsini yaradan münaqişənin siyasi həllinə yol açacaq.

Ermənistanın paytaxtı Yerevanda isə iğtişaşlar başlayıb. İnsanlar bu razılaşmanın xəyanət olduğunu bildirərək, izdihamla hökumət binalarına hücum edib. Bəziləri Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Uzun müddətdir ki, Rusiya və ABŞ ilə birlikdə münaqişədə vasitəçilik edən Fransa davamlı bir razılaşmada Ermənistanın da maraqlarının nəzərə alınmalı olduğunu bildirib.

NATO üzvü, Azərbaycanın əsas dəstəkçisi olan Türkiyə müqavilənin müttəfiqi üçün əhəmiyyətli üstünlüklər təmin etdiyini bildirib. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bunu "müqəddəs bir uğur" olaraq qiymətləndirib.

Atəşkəs razılığı Bakıda avtomobillər və avtobusların siqnal səslərinin müşayiəti altında insanların Azərbaycan bayrağını dalğalandırdığı şənliklərlə qeyd olunub.

“Bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat Ermənistanın təslim olması deməkdir. Bu bəyanat uzun illərlə davam edən işğala son qoyur”, Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Bəzi azərbaycanlılar isə döyüşlərin Azərbaycanın Dağlıq Qarabağa tam nəzarətindən əvvəl bitməsinə təəssüflənir və sovet dövründə bölgəyə hakim olan Rusiyadan sülhməramlıların gəlməsindən ehtiyatlanır.

"Biz bütün Dağlıq Qarabağı geri qazanmaq üzrə idik" - deyə, 52 yaşlı Kəmalə Əliyeva bildirir. "Razılaşma çox qeyri-müəyyəndir, nə Ermənistana, nə də Rusiyaya etibar etmirəm", o əlavə edir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun lideri Arayik Harutyunyan bütün ərazilərin itirilmək riski olduğundan sülh sazişi bağlamaqdan başqa bir seçim olmadığını söyləyib. Paşinyan isə sülh müqaviləsini öz ordusunun təzyiqi altında bağladığını deyib.
"Qərar ən yaxşı mütəxəssislərlə birlikdə döyüş vəziyyətinin dərin təhlilinə əsasən verilib" - deyə, Paşinyan bildirib.

Azərbaycan sentyabrın 27-də başlayan intensiv döyüşlər nəticəsində 1991-94-cü illərdə 30 000 nəfərin ölümü ilə nəticələnin müharibədə itirdiyi Dağlıq Qarabağ və ətraf rayonların böyük bir hissəsini geri aldığını bildirir.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyənin hər hansı sülhməramlı qüvvəsinin Dağlıq Qarabağda yerləşdirilməsinə dair bir razılıq olmayıb. Lakin Türkiyə hərbçiləri Rusiya qüvvələri ilə birlikdə ortaq monitorinq mərkəzinin fəaliyyətində kömək edəcək.

Razılaşmaya əsasən, Azərbaycan Naxçıvanla ölkəni birləşdirən quru yolu əldə edir. Bununla Türkiyənin Azərbaycan ərazisinə quru yolla birbaşa çıxışı təmin edilir.

Putin köçkünlərin Dağlıq Qarabağa qayıda biləcəklərini, eləcə də hərbi əsirlər, öldürülənlərin cəsədlərinin mübadilə ediləcəyini bildirib. Eyni zamanda, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri yenidən açılacaq.

Ermənistanda 17 siyasi partiya Paşinyanın istefasını tələb edir və müqavilənin ləğvi tələbi ilə vəsatət qaldırılıb.

XS
SM
MD
LG