Accessibility links

ABŞ Rusiya hökumətinin 7 yüksək vəzifəli məmuruna və 14 qurumuna qarşı sanksiyalar elan edib


ABŞ Rusiya hökumətinin 7 yüksək vəzifəli məmuruna və 14 qurumuna qarşı sanksiyalar elan edib
please wait

No media source currently available

0:00 0:03:25 0:00

ABŞ Rusiya hökumətinin 7 yüksək vəzifəli məmuruna və 14 qurumuna qarşı sanksiyalar elan edib

Bayden administrasiyası Aleksey Navalnının zəhərlənməsinə görə çərşənbə axşamı Rusiyanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar həyata keçirdiyini elan edib və müxalifət liderinin həbsdən azad edilməsi tələbini bir daha təkrarlayıb. Sanksiyaların konkret olaraq prezident Vladimir Putinə və ya onun yaxınlarına yönəldildiyi barədə heç nə deyilməyib.

Keçən il zəhərlənməsindən sonra Kremlin tənqidçisi Aleksey Navalnı ötən aydan bəri Moskvanın təxminən 100 kilometr şərqində yerləşən cəzaçəkmə müəssisəsində saxlanılır.

Çərşənbə axşamı Bayden administrasıyası zəhərlənməni Moskvanın təşkil etdiyini göstərən kəşfiyyat məlumatlarını açıqlayıb və Rusiya hökumətinin 7 yüksək vəzifəli məmuruna və 14 qurumuna qarşı sanksiyalar elan edib. "Kimyəvi və Bioloji Silahlara Nəzarət və Müharibələrin Ləğvi Qanunu çərçivəsində sanksiyalar genişləndirilir, bioloji agent və kimyəvi istehsal üçün istifadə edilə bilən maddələrə yeni ixrac və viza məhdudiyyətləri tətbiq edilir” - deyə, Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Mətbuat katibi Cen Psaki ABŞ-ın Navalnının sərbəst buraxılması tələblərini bir daha təkrarlayıb.

Müxalifət liderinin həbsi keçən ay Rusiyada ümummilli küçə etirazlarına səbəb oldu. Navalnı həbsinin siyasi motivli olduğunu iddia edilir.

ABŞ sanksiyaları Avropa tərəfdaşları və Britaniya ilə koordinasiya edib, lakin konkret olaraq Prezident Vladimir Putinə və ya onun yaxını oliqarxlarına yönəldilməyib. Çikaqo Universitetindən Konstantin Sonin: “Rusiya nəhəng bir ölkədir. Onun dünyanın bir çox yerində baş verənlərə təsir etmək üçün yolları var. Beləliklə, Bayden rəhbərliyinin edə biləcəyi tək şeyin oraya siqnal göndərmək olduğunu başa düşürəm. Bunlar güclü siqnallar olsa da, sadəcə siqnallardır. Burada maddi təsir göstərən bir şey yoxdur.”

Ağ Ev sanksiyaların əsaslı dərəcədə simvolik olduğunu inkar edir. Amerikanın Səsinin sualına cavab verən Psaki İranla nüvə danışıqları da daxil olmaqla, bir çox məsələlərdə Moskva ilə əlaqələrin davam etdirilməsinin vacib olduğunu etiraf edib. “Rusiya P5+1 tərəfdaşıdır. Obama-Bayden administrasiyası dövründə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) davam etsəydi Rusiya bizim əsas tərəfdaşımız olaraq qalardı. Bu isə o deməkdir ki, bəzi məsələlərdə fikir ayrılığımız var. Çətinliklər olan əhəmiyyətli sahələr var. ABŞ-ın maraqlarına uyğun addımlar atmalı olduğumuzda qlobal tərəfdaşlarla olduğu kimi ruslarla da işləyəcəyimiz sahələr var. ”

Prezident Co Bayden sələfindən fərqli olaraq, keçən ay Putinə ABŞ-da seçkilərə müdaxilə, kiber-hücumlar və zəhərlənmə daxil olmaqla, Rusiyanın təcavüzkar hərəkətlərinə artıq dözməyəcəyini açıq şəkildə bildirdi. Lakin təhlilçilərin fikrincə, Baydenin Rusiya siyasəti qarşılıqlı maraq doğuran hər bir sahədə işləmələri üçün imkan yaratmalıdır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Sayrus Nyulen: “Buraya silahlara nəzarət, Arktikdəki ekoloji iqtisadi durum, müəyyən dərəcədə iqlim dəyişikliyi və Suriya da daxil olmaqla, hər ikisinin iştirak etdiyi bir neçə regional hərbi məsələlər daxildir. Beləliklə, Rusiya ilə bir sıra məsələlərdə işləməyə ehtiyac var. Düşünürəm ki, Bayden administrasiyası həm əməkdaşlığı davam etdirəcək, həm də beynəlxalq normalara uyğun olaraqmünasibətləri bərpa etməyə çalışacaq.”

Bu arada Moskva sanksiyaların qisasını alacağına söz verib.

XS
SM
MD
LG