Sağlamlıq vəziyyətinin yaxşılaşdığını əsas gətirərək Moskva rəsmiləri barlar, restoranlar və gecə klublarının açılması da daxil olmaqla, bəzi koronavirus məhdudiyyətlərini ləğv edib.
Çərşənbə günündən etibarən müəssisələrdə işçilərin azı 30 faizinin uzaq məsafədən işləməsi artıq tələb olunmur. Şəhər meri Sergey Sobyanin “Şəhərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət yaxşılaşmaqda davam edir” - deyə, bloqunda yazıb.
"Bu şərtlər altında iqtisadiyyatı mümkün qədər sürətlə bərpa etmək üçün şərait yaratmaq bizim borcumuzdur" - deyə, o bildirib.
Kütləvi mitinqlərin qadağası, insanların mağazalarda və ictimai nəqliyyatda maska taxma tələbi qüvvədə qalır.
Sobyanin universitet tələbələrinin distant təhsilini tələb edən tədbirlər məsələsinə fvevralın 6-da baxılacağını bildirib.
COVID-19-a yoluxma hallarına görə dünyada dördüncü yeri tutan Rusiya payızda pandemiya dalğasının Avropanı yenidən bürüməsindən sonra ciddi məhdudiyyətlər tətbiq edilməsinə qarşı çıxıb.
Sobyanin 12 milyondan çox əhalisi olan şəhərdə payız dalğasının zirvədə, 7 min olduğu halda, hazırda gündə orta hesabla 2-3 min yeni yoluxma hallarının qeydə alındığını bildirib.
O, iyun ayından bəri ilk dəfə koronavirus xəstəxanalarındakı yataqların yarısının boş olduğunu da əlavə edib.
Rusiyanın səhiyyə orqanlarının bildirdiyinə görə, yanvarın 27-də 1837 Moskvada olmaqla, ölkə boyu koronavirusa 17 741 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, pandemiya başlayandan bəri ölkədə yoluxanların ümumi sayı 3 775 000-ə çatıb.
Rəsmi olaraq ölkədə koronavirusdan ölənlərin sayının 77 076 nəfər olduğu deyilsə də, rəsmilərin ölənlərin sayını azaltmağa çalışdıqlarına görə, bu rəqəmin daha yüksək olduğuna inanılır.
Rusiya bu ayın əvvəlində peyvənd kampaniyasına başlayıb və yerli Sputnik-V peyvəndini tətbiq edir.