Rusiya hərbi polisi Suriyanın Mənbic şəhərində patrula başlayaraq, əvvəllər ABŞ-ın dəstəklədiyi kürd birləşmələrinin nəzarətində olan ərazilərə daxil olub.
Bu barədə Rusiya hərbi polisinin sözçüsü Yusup Mamatov Rusiya televiziyasında çıxışı zamanı açıqlama verib.
Rusiya hərbi qüvvələri bu yaxınlarda Türkiyə ilə sərhədə yaxın Mənbicə yerləşdirilmiş Suriya hökumət qüvvələrinə dəstək göstərir.
Türkiyə hərbi qüvvələri tərəfindən Mənbicə hücumdan ehtiyat edən kürd döyüşçülər keçən ayın sonunda Suriya rejiminin hərbi qüvvələrini əraziyə dəvət edib. Bu addım ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların əsgəri qüvvənin Suriyadan çıxarılacağını elan etməsindən sonra atılıb.
Trampın dekabrın 19-da gözlənilmədən cihadçı qrupun Suriyanın şimalından sıxışdırılıb çıxardılmasında mühüm rol oynayan və İŞİD-ə qarşı mübarizədə kürd qüvvələrinə dəstək göstərən ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərarı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri, respublikaçı və demokrat qanunvericilər tərəfindən böyük təəccüblə qarşılanıb.
Tənqidçilər bildirir ki, Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarı İŞİD-in əməliyyatlarını bərpa etməsinə gətirib çıxara bilər. Onlar bu addımın Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirə biləcəyini bildirir.