Accessibility links

Bloq: Rusiya güclüdürmü?


Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı dolaşan iddialar, eləcə də Rusiyanın son bir neçə ildə beynəlxalq arenada aqressiv davranışı Qərbdə Rusiya təhlükəsi ilə bağlı müəyyən təlaş doğurmaqdadır. Sonuncu dəfə qərblilər kommunizmi dünyanın dörd guşəsinə yaymaqda qəti olan nüvə silahlarına malik Sovet İttifaqından belə ehtiyat edirdilər. Şübhəsiz, Vladimir Putin hökumətinin Krımı ilhaq etməsi, şərqi Ukraynada separatist hərəkata verdiyi dəstək, Suriyada Bəşar əl-Əsədin tərəfində vətəndaş müharibəsinə qatılması təlaş üçün kifayət qədər əsas verir. Lakin Washington Post qəzetində məqalə ilə çıxış edən Joss Meakinsin nəzərində Kremlin əzələ nümayişi ölkənin üzləşdiyi böhranı pərdələyir, və hazırkı Rusiya elə o zaman da dünyanı lərzəyə salan SSRİ kimi fundamenal sosial-iqitsadi problemlərlə üzləşən gil ayaqlı nəhəngdir.

Zəif iqtisadiyyat

“Gəlin əvvəlcə oradan başlayaq ki, ABŞ-ın iqtisadiyyatı Rusiyanınkından 10 dəfə böyükdür. Hətta neft qiymətlərinin fontan vurduğu dönəmdə belə Rusiya Amerikanın iqtisadi qüdrəti ilə ayaqlaşmaq iqtidarında deyildi,” Meakins yazır. Onun sözlərinə görə, gəlirlərinin 50 faizini yanacaq ixracı təşkil edən Rusiyanın qüdrət görüntüsü neftin barrelinin $100 dollar olması ilə sıx bağlı idi. Divin canı şüşədə olduğu kimi, Moskvanın da qüdrəti məhz həmin yüksək neft qiymətlərində idi ki, bu da iqtisadiyyatın fundamental durumunu əks etdirmir. Elə Putinin siyasi dəstəyinin arxasında da məhz yüksək neft qiymətləri dayandırdı ki, 2000-2013-cü illər arasında baha neftin sayəsində Rusiyanın ümüdaxili məhsulu doqquz dəfə artdı.

Ucuzlaşan neft qiymətləri, beynəlxalq sanksiyalar, və hökumət qurumlarını bürümüş korrupsiya Rusiyanın iqtisadi artım tempini əhəmiyyətli şəkildə azaldıb.
Ucuzlaşan neft qiymətləri, beynəlxalq sanksiyalar, və hökumət qurumlarını bürümüş korrupsiya Rusiyanın iqtisadi artım tempini əhəmiyyətli şəkildə azaldıb.

Təbii ki, neft qiymətlərinin kəskin düşməsi Rusiya iqtisadiyyatını ağır vurub. “2014-cü ildən bəri Rusiyanın maliyyə ehtiyatları $87 milyard dollardan $16.18 milyard dollara düşüb,” Meakins yazır. “Suveren vəsait fondu üçün ayrılmış $72 milyard dollar da pay-bölüş edilməkdədir.” Digər tərəfdən Dünya Bankı Rusiya əhalisinin 14.6 faizinin – yəni 21.4 milyon rusun səfalət həddindən aşağıda yaşadığını bildirir. Gündə 10 dollardan az qazanan rusların sayı 8 faiz artıb. Son rəy sorğularına görə, rusların 41 faizi ərzaq və paltar almaqda çətinlik çəkirlər.

Demoqrafik böhran

Ölkədə əhali artımı sıfır səviyyəsindədir. Hazırkı artım reyti – hər qadına 1.7 doğuş çoxalma üçün tələb olunan rəqəmdən – 2.1 %-dən aşağıdır. Rusiyada insanlar daha tez ölür. Orta yaş həddi bu ölkədə 64-dür. Həmin rəqəm nəinki Almaniyadan (15 il), hətta Şimali Koreyanın göstəricilərindən də aşağı səviyyədədir. Rusiyada ölümün başlıca səbəbləri alkoqolizm, siqaret, müalicə olunmayan xərçəng, intihar, vərəm, QİÇS və məişət zorakılıqlarıdır. 12 milyondan çox rus normal alkoqollu içki almağa pulu çatmadığından istənilən cür spirtli mayelərə üz tutur ki, bu, da hər ilə on minlərlə adamın zəhərlənməsinə səbəb olur. Statistiklər Rusiyada əhalinin 2050-ci ilədək 16 %, yəni 23 milyon adam azalacağını təxmin edir. Əmək bazarında yaranan boşluq artıq pensiyaların verilməsində çətinlik çəkən Rusiya hökumətini müflisləşmə riski qarşısında qoya bilər.

Orta ömür səviyyəsinə görə Rusiya rəqabət iddiasında olduğu bütün ölkələrdən geridə qalır.
Orta ömür səviyyəsinə görə Rusiya rəqabət iddiasında olduğu bütün ölkələrdən geridə qalır.

Problemli regionlar

Rusiyanın neftdən axan pulu indiyədək ona Krım və Çeçenistan kimi periferal əraziləri dotasiya ilə nəzarətdə saxlamaq imkanı verib. Dotasiyalar əridikcə həmin regionlarda narazılığın baş qaldıracağı istisna edilmir. “Rusiya iqtisadiyyatı ifrat dərəcədə regionlaşıb. Ölkənin 83 regionundan yalnız 14-ü federal büdcəyə aldığından çox pul verir,” Meakins yazır. Pulların qeyri-rus əhalinin məskliunlaşdığı regionlara axması ölkə rusları tərəfindən müqavimətlə üzləşə və Rusiyanın Ukrayna, Gürcüstan, Moldova kimi sabiq sovet ölkələrində separatist hərəkatlara dəstəyini söndürə bilər.

Əhalisi etnik rus olmayan regionların Moskvaya sədaqəti şərti xarakter daşıyır.
Əhalisi etnik rus olmayan regionların Moskvaya sədaqəti şərti xarakter daşıyır.

Hərbi xərclər

Rusiya iqtisadyyatının durumu hərbi xərcləməyə mütənasibdir. Meakins yazır ki, 2017-ci ildə Rusiya büdcəsinin 30 faizini hərbi qüvvələrə, yalnız 2.6 faizini isə səhiyyəyə xərcləyib. Xaricdə əzələ nümayiş etdirmək, vətəndaşları erkən ölən Putin hökuməti üçün üçün daha böyük prioritetdir. Lakin azalan büdcə həm də azalan hərbi xərclər deməkdir. 1990-cı illərdən bəri ilk dəfədir ki, Rusiyanın hərbi büdcəsi kiçilib.2020-ci ildə Moskvanın hərbi qüvvələrə yalnız 41 milyard dollar xərcləyəcəyi güman edilir. Bu isə əhalisi Rusiya əhalisnin 46 faizini təşkil edən Fransanın hərbi büdcəsindən də azdır.

Kremlin büdcədə hərbi xərclərə ifrat diqqət yetirməsi səhiyyə və təhsil kimi mühüm sahələri kölgədə qoyur.
Kremlin büdcədə hərbi xərclərə ifrat diqqət yetirməsi səhiyyə və təhsil kimi mühüm sahələri kölgədə qoyur.

Meakins bir fakta diqqət çəkir. Rusiyanın 85,000 kənd icmaları üçün səhiyyə infrastrukturu yoxdur. Səhiyyə xidmətlərinə görə Rusiya 54 inkişaf etmiş ölkə sırasında sonuncu yerdə gedir. Üstəlik, hökumət hələ səhiyyə xərclərini 33 % azaltmağı planlaşdırır. Ölkənin ən yoxsul regionlarında həkimlərin maaşı aylıq 250 dollardır, və bu templə yəqin ki, bir qədər də azalacaq.

Bu yönümdə cəmiyyətin bütün qatlarına sirayət edən korrupsiyanı da nəzərdən qaçırmaq olmaz. Təkcə 2015-ci ildə İcbari Tibbi Sığorta Fondu 500 milyon dollardan çox pul “itirib”.

Sosial problemlər

Ruslar dözümlü millətdir. Amma hər dözümün bir limiti var. Putinin populyarlığı dövlət propaqandasına, yalan-palana əsaslanır, və başlıcası, avtoritar taktikalardan yararlanır. Lakin günün sonunda onun ictimai dayağının fundamentini həqiqi iqtisadi nailiyyətlər təşkil edir.

Gəlirlərin azalması sosial narazılığın artması ilə müşayiə olunur.
Gəlirlərin azalması sosial narazılığın artması ilə müşayiə olunur.

Ötən aylarda Rusiyada işlə bağlı etirazlar artamaqdadır. Əhalinin 32 faizi deyir ki, əgər onların qəsəbələrində etiraz aksiası keçirilsə, qoşularlar. Bu, 1999-cu ildə Putin hakimiyyətə gəldikdən bəri ən yüksək göstəricidir, və ölkədə geniş və artan sosial narazılıqdan xəbər verir. Əvvəllər bu narazılığı neft pulu ilə pərdələmək, narazı insanların könlünü almaq daha asan idi.

“Rusiya Stalinist diktatura deyil, ‘idarə-olunan demokratiyadır’. Uzun sürən iqtisadi geriləmələr sosial münasibətləri dəyişəcək. Rusiya indi nə qədər zəhmli, yaxud qüdrətli görünsə də, hazırkı situasiya çox davam edə bilməz. Rusiyanın və eləcə də Putin rejiminin sabitliyi titrək bünövrəyə əsaslanır və artıq çatlar görünməkdədir,” Meakins fikrini tamamlayır.

XS
SM
MD
LG