Rusiyanın Britaniyadakı səfiri deyib ki, iki ölkə onlarla diplomatın tədricən öz iş yerlərinə qaytımaları barədə razılaşma əldə edib. Britaniya Solsberi şəhərində keçmiş casus və onun qızının Noviçok maddəsi ilə zəhərlənməsindən sonra Britaniyadakı Rusiya səfirlyinin onlarla diplomatını ölkədən çıxarmışdı.
Səfir Aleksandr Yakovenko dekabrın 28-də Rossia-24 telekanalına deyib ki, London və Moskvadakı diplomatik missiyaların heyət bərpasına yanvar ayından balşanacaq:
"Mən bu razılaşmanın bütün heyəti əhatə edəcəyindən əmin deyiləm, lakin səfirlik heyətinin ən azı yarısının işə qayıdacağını düşünürəm”.
İki ölkə arasında münasibətlər ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş casus Sergey Skripal və qızı Yuliya kimyəvi maddə ilə zəhərləndikdən sonra pisləşib. London onların zəhərlənməsinə görə Moskvanı ittiham edir.
Britaniya mart hadisəsindən sonra Rusiyanın 28 diplomatını ölkədən xaric etmişdi. Rusiya da eyni sayda Britaniya diplomatını ölkədən çxıarmış və Sankt Peterburq şəhərindəki Britaniya konsulluğunun bağlanmasını elan etmişdi.
Skripallar sovet zəmanəsində hazırlanmış Noviçok maddəsi ilə zəhərlənmədən sağ qalıblar.
Lakin eyni maddə ilə təmasda olan iki başqa Britaniya vətəndaşından biri - Daun Sturgess vəfat edib.