Accessibility links

Rusiya, Azərbaycan, Ermənistan liderləri bəyanatla çıxış edib, ekspertlər ciddi fikir ayrılığının olduğunu bildirir


Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birdə bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

"Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.

Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik.

Biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq.

Biz Rusiya sülhməramlı kontingentinin regionda vəziyyətin sabitləşdirilməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd etdik.

Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq.

Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardım göstərəcək,” sənəddə qeyd edilir.

Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi görüşü məhsuldar adlandırıb.

“Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik,” prezident Putin bildirib.

Vladimir Putinin sözlərinə görə, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

“Sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur,”Vladimir Putin əlavə edib.

Rusiya prezidenti deyib ki, gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.

İlham Əliyev bildirib ki, Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək.

“Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət oldu,” Prezident Əliyev vurğulayıb.

Ermənistan Baş naziri Paşinyan da görüşün olduqca məhsuldar və pozitiv keçdiyini deyib.

“Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır,” Paşinyan görüşün açılış hissəsində bildirib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan

Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana hədiyyələr verib.

Putin İlham Əliyevə və Nikol Paşinyana sülhün rəmzi hesab olunan “zeytun budağı”nı təqdim edib.

“Zeytun budağı sülhü və rifahın rəmzidir. Çox ümid edirəm ki, bugünki razılıqlar icra ediləcək və münasibətlərin normallaşması üçün növbəti addımlar üçün şərait yaradacaq,” o qeyd edib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, görüşün nəticələrindən görünür ki, problemlərin həlli ilə bağlı ortaq fikir mövcuddur.

“Bununla yanaşı problemlərin həlli yolları barədə fikirlərin fərqli olduğu görünür. Biz gördük ki, kommunikasiyaların bərpasının vacibliyini hər iki tərəf qeyd edir. Amma kommunikasiyaların bərpası hansı şəkildə olacaq, burada hiss olunur ki, fikirlər fərqlənir. O cümlədən, delimitasiya və demarkasiya mövzuları, orada da fikir ayrılığı hiss olunur. Qarabağ mövzusunda da biz görürük ki, Ermənistan hələ də elə fikirləşir ki, Minsk Qrupu vasitəsi ilə status mövzusunu gündəmə qaytarmaq niyyətindədir. Yəni, bu baxımdan tərəflərin mövqeləri artıq formalaşıb və ciddi şəkildə fərqlənir,“ o qeyd edib.

Tofiq Zülfüqarovun qənaətincə, danışıqlarda əldə edilən razılıq bəyanatda elan ediləndən fərqli ola bilər.

“Amma mən hesab edirəm ki, ictimaiyyətə çatdırılan sənəd bu nəticələrin bir hissəsidir. Çünki əsas nəticələr təbii ki, qapalı şəkildə əldə olunub. Hesab edirəm ki, onların icrası bəlkə də bir qədər vaxtdan sonra başlaya bilər. Amma hər halda hesab edirəm ki, sərhədlə bağlı hansısa irəliləyiş mümkündür,” o bildirib.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Gubad İbadoğlu hesab edir ki, Soçidə keçirilən üçtərəfli görüşdən nəticə əldə edilməyib.

“Yəni yeni bir söz deyilmədi, əvvəlkilər təkrarlandı. Görünür ki, əldə edilən yeganə nəticə tərəflərin rus sülməramlılarının "töhfə"lərini, Rusiyanın rolunu yüksək dəyərləndirib, Brüssel görüşünün effektinin azaldılması olub.

Vladimir Putin açılış nitqində qeyd edib ki, irimiqyaslı döyüşlər getmir, bu, artıq yaxşıdır. Bu müddət ərzində Rusiya tərəfinin yardımı ilə qaçqınların geri qaytarılması istiqamətində böyük iş aparılıb - 53 min nəfər daimi yaşayış yerinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, Rusiya kontingenti, hər iki tərəfin qiymətləndirmələrinə görə, işləyir, insanlar üçün təhlükəsiz yaşayış şəraiti təmin edir. Putin eyni zamanda qeyd edib ki, təəssüf ki, bütün məsələlər hələ ki, tənzimlənməyibo qeyd edib,” o qeyd edib.

Gubad İbadoğlu Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın da çıxışlarındakı məqamlara toxunub.

“İlham Əliyev çıxışında bildirib ki, rus sülhməramlıları yaxşı işləyib, buna görə də onlara xidmətinə görə minnətdarlıq edib. O qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli üctərəfli bəyanatın iki ölkə arasında nəgliyyat və kommunikasiyalarin acilmasindan başqa bütün bəndləri əsasən yerinə yetirilib. O bəyan etdi ki, Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamağa, Ermənistanla da qarşılıqlı formada ərazi bütövlüyünü tanımaqla bu sahədə əməkdaşlıqla, sülh danışıqlarına hazırdır.

Nikol Paşinyan da rus sülhməramlıların rolunu yüksək qiymətləndirsə də bölgədə sabitliyin təmin olunmadığını qeyd edib. O, İlham Əliyevin iki ölkə arasında kommunikasiyaların açılmasından başqa bütün məsələlərin həll edildiyi fikri ilə razılaşmadığını bildirdi. O bəyan etdi ki, Ermənistan sərhədlərin demarkasiya və delimitasiya prosesinə başlamağa, Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsinə hazırdır.

Putin sonrakı çıxışında Sovet xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsinə başlanılmasının vacibliyindən danışıb,” İbadoğlu qeyd edib.

Soçidə üçtərəfli görüş Avropa İttifaqı rəhbərinin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Əliyev ilə Paşinyanın görüşü barədə razılığın əldə olunmasından sonraya təsadüf edir.

XS
SM
MD
LG