Accessibility links

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü başa çatıb


Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan

Yanvarın 11-də Kremldə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağla bağlı keçirilən danışıqlar başa çatıb. Danışıqlar dörd saatadək davam edib.

Görüşün yekunu ilə bağlı hər üç lider mətbuata bəyanatla çıxış edib.

Valdimir Putin bildirib ki, tərəflər Qarabağın inkişafına dair birgə bəyanat imzalayıb və buna uyğun olaraq yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri plan təqdim edəcəklər.

"Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki biz razılığa gələ bildik və regionda vəziyyətin inkişafı ilə bağlı birgə bəyanat imzaladıq," Putin qeyd edib.

O, iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı ilə bağlı konkret addımlardan da danışıb.

“Bu məqsədlə Azərbaycan, Ermənistan və Rusiya hökumətlərinin baş nazirlərinin müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanlarda baş nazirlərin müavinləri səviyəsində işçi yarımqruplar yaradılacaq, regionun nəqliyyat infrastrukturunun və iqtisadiyyatının inkişafına dair konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmaların həyata keçirilməsi həm Azərbaycan, həm də Erməni xalqlarına fayda verəcək, şübhəsiz ki, bütövlükdə regionun xeyrinə, deməli, Rusiya Federasiyasının da maraqlarına xidmət edəcək," Rusiya dövlət başçısı vurğulayıb.

O həmçinin əlavə edib ki, hər üç tərəf ümumi rəyə gəlib ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın şərtlərinə bütövlükdə əməl edilir, heç bir ciddi insident qeyd alınmır, Rusiyanın sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirir.

Rusiya lideri Dağlıq Qarabağa 48 mindən artıq məcburi köçkünün və qaçqının qayıtdığını, həmçinin infrastruktur, energetika və müxtəlif tikililərin bərpası üzrə intensiv işlərin getdiyini söyləyib.

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, üçtərəfli bəyanatın imzalanmasından 2 ay keçir və bu gün noyabrın 9-10-da bəyanat imzalayan tərəflərin bir araya gəlməsi nəticə əldə etməyə köklənmələrindən xəbər verir.

Əliyevin sözlərinə görə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması Yerevanın və Bakının maraqlarına cavab verir.

"Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o həmçinin təhlükəsizliyi də möhkəmləndirəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşu xalqların maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də bölgəmizdə nəqliyyat dəhlizlərinin, şaxələnmiş nəqliyyat arteriyalarının yaradılmasında aktiv şəkildə iştirak edəcək," o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağda atəşkəsə hörmət edilir, lakin Dağlıq Qarabağın son statusu hələ həll olunmayıb.

“Bölgədəki sabitlik və təhlükəsizliyə nail olmaq üçün göstərdiyi səylərə görə Rusiya prezidentinə təşəkkür edirəm. Bununla yanaşı, danışıqlarda həll edilməsi lazım olan bir çox məsələ qalır. Təəssüf ki, münaqişə hələ həll olunmayıb, hələ də bir çox məsələ var, bunlardan biri Dağlıq Qarabağın statusudur. Ermənistan danışıqları ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində davam etdirməyə hazırdır," o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Moskva görüşündə hərbi əsirlər məsələsi həll olunmayıb və bu istiqamətdə işlər davam etdiriləcək.

"Təəssüf ki, bu gün hərbi əsirlər məsələsini həll edə bilmədik. Bu, ən həssas və ağrılı məsələdir. Çünki bu, humanitar bir məsələdir və bu istiqamətdə işlərin davam etdiriləcəyinə dair razılığa gəldik," baş nazir deyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın.

Birgə bəyanatda həmçinin hərbi əsirlər və digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhliznin açılması əksini tapıb.

XS
SM
MD
LG