Accessibility links

Rusiya Azərbaycanın qəzaya uğrayan MiQ 29 təyyarəsinin axtarışına qoşulacaq


İyulun 24-də Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin və onun pilotu Rəşad Atakişiyevin axtarışı hələ nəticə verməyib.

Pilotun qohumu Qabil Hüseynli bildirib ki, son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış dayandırılıb. Axtarışa çox sayda texnika və mütəxəssis cəlb olunub.

"Türkiyəli mütəxəssislər dənizin dibində fotoçəkiliş apardılar ki, təyyarənin izinə rast gəlmək mümkün olsun. Lakin bu, hələlik nəticə verməyib," Hüseynli deyib.

Polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi təyyarə sahildən 20 kilometr aralıda dənizə düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 24-də Bakı vaxtı ilə saat 22.00-a yaxın təlim-məşq uçuşları keçirən MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin versiyaya görə, təyyarə dənizə düşüb.

Rusiyanın Xəzər donanmasının mütəxəssisləri də qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışına qoşulacaq.

Bu barədə RİA Novosti agentliyi Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyevə istinadən məlumat yayıb.

Axtarış dəstəsinə 50-yə yaxın adam, "Anatoli Qujvin" hidroqrafik gəmi, "SB-45" xilasedici buksirli gəmi daxildir. Həmçinin axtarışa bir neçə sualtı aparatın cəlb edilməsi planlaşdırılır.

Axtarış sahəsi 600 kvadrat metrdən çox, dərinlik 40 metrə qədərdir. Xəzər donanmasının dəstəsi iki sutkadan sonra axtarış işlərinə başlamağı planlaşdırır.

Oxşar hadisə 2008-ci ildə də baş verib. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi təyyarəsi təxminən həmin yerdə dənizə düşüb. Sonradan pilotlardan birinin cəsədi tapılıb. Qəzanın səbəbləri barədə rəsmi məlumat verilməyib.

XS
SM
MD
LG