ABŞ və Rusiya nüvə silahlarına nəzarət və Rusiya-Ukrayna sərhədində gərginlik barədə yanvar ayında danışıqlar aparacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü jurnalistlərə bildirib ki, tərəflər yanvarın 10-da görüşəcək. Onun sözlərinə görə, bu görüşün ardınca yanvarın 12-də Rusiya-NATO danışıqları, yanvarın 13-də isə Rusiya, ABŞ və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) digər üzvləri ilə görüş keçiriləcək.
"Biz danışıqlara oturduğumuz zaman Rusiya öz narahatlıqlarını bildirə bilər və biz də Rusiyanın fəaliyyəti ilə bağlı narahatlıqlarımızı ortaya qoyacağıq" - deyə, sözçü bildirib. "İrəliləyişə nail ola biləcəyimiz və razılaşmadığımız sahələr olacaq. Diplomatiyanın mahiyyəti budur”, o əlavə edib.
Qərb ölkələrinin hökumətləri Rusiyanın qoşunlarını Ukrayna ilə sərhəddə cəmləşdirməsi ilə bağlı dərin narahatlıq keçirərək, Rusiyanın müdaxilə ilə bağlı potensial planlarının olmasından narahatlıqlarını ifadə edib. Rusiya lideri Vladimir Putin bu cür planların olduğunu inkar edib və NATO-nun ölkə ərazisi yaxınlığında genişlənməsinə qarşı qarantiyalar tələb edib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Ukraynanın maraqları nəzərə alınaraq, ABŞ-Rusiya danışıqlarında Ukrayna ilə bağlı heç bir qərar verilməyəcəyini bildirib.
"Prezident Baydenin Ukrayna ilə bağlı yanaşması aydın və ardıcıldır: İttifaqı iki istiqamətdə birləşdirin - çəkindirmə və diplomatiya. Rusiya Ukraynaya müdaxilə edəcəyi təqdirdə biz onun üzləşəcəyi nəticələrlə bağlı ittifaq olaraq bir yerdəyik" - deyə, sözçü bildirib.
Qərb uzun müddətdir Kremli 2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən az sonra Ukraynanın şərqində iki rayonu ələ keçirmiş rusiya tərəfdarı separatçılara birbaşa hərbi dəstək verməkdə ittiham edir.
Rusiya bu iddiaları rədd edir, Putin isə 13 mindən çox insanın həyatına son qoyan münaqişənin soyqırım olduğunu iddia edir. Kreml Qərbin və NATO-nun Rusiya sərhədlərinə təhlükəli şəkildə yaxınlaşdığında israr edir.