İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ prezidenti Donald Tramp danışıqlar aparmaq istəyirsə "ilk addımı o atmalıdır" və İrana qarşı qoyulan bütün sanksiyaları qaldırmalıdır.
Ruhani İranın açıq şəkildə nüvə silahı istehsal etmək niyyəti olmadığını bəyan etdiyini bildirib və sanksiyaları "qanunsuz, haqsız və ədalətsiz" adlandırıb.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp bazar ertəsi ABŞ-ın 2015-ci ildə imzlanan beynəlxalq nüvə razılaşmasından çıxmasından sonra Tehranın nüvə proqramının məhdudlaşdırılması məqsədilə yeni razılaşmanı müzakirə etmək üçün İran prezidenti Həsən Ruhani ilə görüşə "gözəl bir imkan olduğunu" deyib.
Fransada dünya liderlərinin toplaşdığı G-7 sammitinin son günü çıxış edən Donald Tramp “İranın da görüşmək istədiyini düşünürəm” deyib.
ABŞ lideri bir il əvvəl İrana tətbiq etdiyi iqtisadi sanksiyaların "böyük zərər vurduğunu" deyib. Tramp İranın əsas gəlir mənbəyi olan beynəlxalq neft ixracatını kəskin şəkildə məhdudlaşdırmağa çalışır.
Lakin Donald Tramp prezident Həsən Ruhani ilə görüşün İran ordusunun xaricdə gərginlik yaratmayacağı şərtilə baş tuta biləcəyini bildirib. O deyib ki, yeni razılaşma ilə İranın nüvə silahı və ballistik raket sınaqlarına qadağa qoyulmalıdır və o, 2015-ci il sazişindəki 10 ildən daha çox müddəti əhatə etməlidir.