Rüfət Səfərovun qanunsuz həbsi ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Avropa İttifaqına, Avropa Şurasına müraciətlər hazırlanıb. Səfirliklərdə, beynəlxalq təşkilatların nümayəndəliklərində görüşlərə başlanır, müdafiə komitəsinin üzvləri Avropa Şurasında görüşlər keçirir. Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin noyabrın 11-də keçirilən iclasında bildirilib.
Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Səfərov ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.
Bu gün keçirilən iclasda ictimai müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib ki, Rüfət Səfərovun ictimai müadiə komitəsinə Prezident Adminstrasiyasından başlayaraq hüquq mühafizə orqanları və digər qurumlaradək təzyiqlər və təsirlər var.
“Müdafiə komitəsinin təsis edilməsi hökumət qurumlarına çox ciddi təsir edib”, o qeyd edib.
Bu fikirləri vəkild Bəhruz Bayramov da təsdiq edib və bildirib ki, artıq onun vəkillik fəaliyyəti ilə bağlı Baş Prokurorun birinci müavini Vəkillər Kollegiyasına müraciət edib.
“Müdafiə Komitəsinin birinci iclasından sonra Rüfət Səfərovla əlaqələrinə görə işdən azad edildiyi və bu səbəblə ABŞ-dan sığınacaq aldığı deyilən keçmiş prokuror mənimlə bağlı şikayət edib. Guya mən onu prokurorluğun əleyhinə bəyanat verməyə öyrətmişəm”, Bayramov qeyd edib.
İclasda siyasi məhbus problemi də diqqət mərkəzində olub. Məsələnin daim diqqətdə saxlanılmasının vacibliyi qeyd edilib. Eyni zamanda, son zamanlar siyasi məhbusları müdafiə edən vəkillərə qarşı təzyiqlərin geniş vüsət aldığı bildirilib.
“Siyasi məhbus məsələsi beynəlxalq diqqətdədir və prioritetdir. Bu səbəbdən hüquq müdafiəçilərinə və vəkillərə qarşı təzyiqlər daha da güclənəcək. Biz bilirik ki, siyasi məhbus məsələsinin arxasında hazırki rejim durur və onlar siyasi məhbusların sayının artması ilə bağlı məlumatların yayılmasında maraqlı deyil. Bu səbəbdən hökumət istəyir ki, siyasi məhbusların sayının azalması barədə məlumatlar yayılsın, guya problem həll olunur. Ona görə, bizim siyahıda siyasi məhbusların sayının 94 deyil, 166 olması barədə yaydığımız məlumatlar hamını narahat edir. Hökumətlə işləyən gözəgörünməz dostalırmızı da bu, narahat edir. Əslində, siyasi məhbusların sayı 166-dan daha çoxdur. Ölkədə nə qədər məhbus varsa, onların əksəriyyəti ədalətsiz mühakimə olunub”, keçmiş “vicdan məhbusu” Əvəz Zeynallı qeyd edib.
Rəsmi dövlət qeydiyyatı olan hüquq müdaifə təşkilatlarının işi də tənqidə məruz qoyulub.
“Rəsmi qeydiyyatı olan çoxsaylı hüquq müdafiə təşkilatları QHT-lərə Dövlət Dəstəyi Şurasından böyük məbləğdə qrantlar alır. Bəs, bu təşkilatlar niyə Rüfət Səfərovun hüquqlarını müdafiə etmir? Niyə Çingiz Qənizadə, Sahib Məmmədov, Novella Cəfəroğlu, Səidə Qocamanlı və digərləri “Nardaran işi” məhkməsinə gəlmirlər, Rüfət Səfərovu və digərlərini müdafiə etmirlər”, hüquqşünas Namizəd Səfərov qeyd edib.
Hüquq müdafiəçisi Oqtay Güləliyev Rüfət Səfərovla bağlı iş aparıldığını, hüquq müdafiçəsi Leyla Yunusun xəstə olmasına baxmayaraq Avropada görüşlərində Səfərovun məsələsini qaldırdığını diqqətə çatdırıb.
Bu zaman iclasda iştirak edən Rüfət Səfərovun atası Eldar Sabiroğlu təəssüflə, “mən vaxtı ilə Leyla Yunusu nə qədər tənqid etmişəm…”, deyə bildirib.