Accessibility links

“Rüfət Səfərov cəmiyyətin ədalət və azadlıq səsidir” [Video]


Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin mətbuat konfransı
please wait

No media source currently available

0:00 0:05:01 0:00

Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin mətbuat konfransı

Keçmiş müstəntiqin hüquqlarını ictimai müdafiə komitəsi mətbuat konfransı keçirib

Rüfət Səfərov cəmiyyətin ədalət və azadlıq səsidir. O cəmiyyətin gözünü qorxutmaq məqsədi ilə həbs edilib. Müdafiə Komitəsi bütün siyasi məhbusların hüquqlarını müdafiə etməlidir. Əli İnsanovu 11 illik zülm qarşısında sındıra biməyən rejim onu yenidən həbs etdi. Əli İnsanov, Taleh Bağırzadə, Fuad Qəhramanlı Azərbaycanın sınmazlıq simvollarıdır. Həbsxanalarda yüzlərlə girov saxlanan günahsız insanlar var.

Azərbaycan məhkəmə tarixində Rüfət Səfərovun məhkəməsi kimi biabırçı hal baş verməyib. Rüfətə verilən ittihamlar nə ibtidai istintqada, nə də məhkəmədə sübuta yetirilməyib.

Bunlar Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun hüquqlarını ictimai müdafiə komitəsinin oktyabrın 13-də keçirdiyi mətbuat konfransında səsləndirilən əsas tezislərdir. Çıxış edən komitə üzvlərinin demək olar ki, hamısı bu fikirlərə istinad edib.

Rüfət Səfərovun hüquqlarını ictimai müdafiə komitəsi oktyabrın 6-da təsis edilib. Komitənin sədri Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir. İctimai komitəyə artıq 23 nəfər tanınmış ziyalı, ictimai xadim, hüquqşünas qoşulub.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt tənqidi çıxışlar edib. Dekabrda isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

“Azərbaycan məhkəmə tarixində Rüfət Səfərovun məhkəməsi kimi biabırçı hal baş verməyib. Rüfətə verilən ittihamlar nə ibtidai istintqada, nə də məhkəmədə sübuta yetirilməyib. Biz məhkəmədə sanki əsir idik. Mənə və Rüfət Səfərova son söz demək üçün imkan belə vermədilər. Şahid ifadəsindən imtina etdi, günortadan sonra təzyiq altında həmin şahidi məhkəməyə gətirib yenidən ifadəsini dəyişdirdilər”, vəkil Bəhruz Bayaramov bildirib.

Rüfət Səfərov
Rüfət Səfərov

İctimai müdafiə komitəsinə Avropada, ABŞ-da, Türkiyədə olan bir çox ictimai xadimlər qoşulub. Komitə onların vasitəsi ilə Avropadakı qurumlara ölkədəki mövcud durumu çatdıracaq, Azərbaycandakı diplomatik missiyalarla və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

“Rüfət Səfərov prokurorluq sistemində inqilab etdi. O həqiqətləri ictimaiyyətin diqqətinə çatdırdı və hüquq sistemindəki qanunsuzluqlara etiraz etdi. Bu səbəbdən başqalarına dərs olması üçün onu uzun müddətə həbsə məhkum etdilər”, komitənin üzvü, keçmiş millət vəkili Mətləb Mütəllimli qeyd edib.

Komitə üzvləri ictimai diqqəti ölkədəki çoxsaylı siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarının müdafiəsinə, istintaq orqanlarında və məhkəmə sistemində baş verən qanunsuzluqlara yönəltməyin vacibliyini diqqətə çatdırıb.

“Dövlət öz gücündən istifadə edib günahsız insanları məhkum etməməlidir. Dövlət gücündən istifadə edib insanlara qarşı qisasçı rolunda çıxış etməməlidir. Əli İnsanov, Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər çoxsaylı insanların həbsi qisasçılıqla bağlıdır. Biz bütün bu insanların hüquqlarını müdafiə etməliyik”, keçmiş “vicdan məhbus”u Əvəz Zeynallı bildirib.

İnsanları dinc toplaşmaq, fikrini azad ifadə etmək kimi fundamental hüquqlarını reallaşdırdığına görə həbsə atmaq olmaz. Rüfət Səfərov da atasının və özünün tənqidi fikrilərinə görə həbs edilib. Mətbuat konfransındakı çıxışlarda bu məqama da xüsusi olaraq toxunulub.

“Rüfət Səfərovun həbsi siyasi sifarişdir. Onun həbsinin iki əsas səbəbi var. Bunlardan biri Səfərovun atası Eldar Sabiroğlunun hakimiyyətin yüksək eşelonunda olan yüksək vəzifəli şəxsi tənqid etməsidir. İkinci əsas səbəb isə hakimiyyətdə və prokurorluqda olan vəzifəli şəxslərin son dövrlər mərkəzdən qaçan xətlə hərəkət etməsidir. Onlar bu iqtidarın ölkəni fəlakətə apardığını hiss edirlər. Rüfət Səfərovun uzunmüddətli cəzaya məhkum edilməsi həmin insanları qorxutmaq məqsədi daşıyır”, komitənin üzvü, hüquqşünas Əfqan Məmmədov belə hesab edir.

Mətbuat konfransında keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş verən qanun pozuntularına da diqqət çəkiblər və bu nazirlikdə aparılan cinayət işlərinə Baş Prokurorluğun nəzarət etdiyini bildiriblər.

Mən bilirdim ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etdiyimə görə məni cəzalandıracaqlar. Amma, oğlumun cəzaladırılacağını təsəvvür etmirdim.

Rüfət Səfərovun atası Eldar Sabiroğlu öncə vaxtı ilə iqtidar nümayəndəsi kimi tənqid etdiyi insanların onun oğlunun müdafiəsinə qalxdığına görə təşəkkürünü bildirib.

“Mən bilirdim ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etdiyimə görə məni cəzalandıracaqlar. Amma, oğlumun cəzaladırılacağını təsəvvür etmirdim. Oğlumun həbsinə icazə yüksək rəhbərlikdən alınıb”, o qeyd edib.

Mətbuat konfransı zamanı komitənin sədri Eldəniz Quliyevə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübraizə İdarəsindən telefon zəngləri gəlib.

“Sabah saat 11-də məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər. Bundan öncə isə Bakı şəhər Baş Polis İdarəsindən zəng etmişdilər. Sabah gəlməsəm bilin niyə saxlanmışam”, Eldəniz Quliyev jurnalistlərə bildirib.

XS
SM
MD
LG