Accessibility links

Rüfət Səfərov: Ədalətli cəmiyyət uğrunda mücadilə etdiyimə qəti əminəm


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu
Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərov vəkili vasitəsi ilə müraciət yayıb. Keçmiş müstəntiq həbsinin ədalətli cəmiyyət quruculuğuna töhfə verəcəyini bildirir.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Səfərov məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Rüfət Səfərovun ailəsinə və cəmiyyətə ünvanladığı bu gün yayılan müraciətində deyilir:

“Salam dostlar, əhvalım yüksəkdir, sizlərin də xoş halınızı sidqi ürəkdən diləyirəm. Bu arada diqqətinizə və verdiyiniz dəstəyə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Birilərinin qəzəbini də anlayışla qarşılayıram. Sərbəst ifadəmi ortaya qoyub əzilənləri müdafiə etməyim mənə baha başa gəldi. 9 illik zindan həyatı ilə cəzalandırıldım. Lakin peşman deyiləm. Ədalətli cəmiyyət uğrunda mücadilə verdiyimə qəti olaraq əminəm. Barəmdə çıxarılan qanunsuz hökm mütləq Azərbaycan tarixinə qara hərflərlə düşəcəkdir. İbtidai və məhkəmə istintaqının qeyri obyektiv aparılması qalsın bir yana, hətta hörmətli vəkilim Bəhruz bəyin müdafiə nitqinə, mənim son söz söyləməyimə belə imkan vermədən ittiham hökmünü oxudular. Bunu nə ilə müqayisə etmək olar? Hətta 37-ci ilin repressiyaları zamanı belə təqsirləndirilən şəxslərin son sözünü söyləmək hüququ tanınırdı. Digər tərəfdən məni 9 ay ev dustaqlığında saxladılar. İslah işi səmərə verməyəndə evdə olduğum hər ayı bir il hesablayıb mənə 9 il iş verdilər. Sonda əziz atam Eldar Sabiroğluna, həcc ziyarətində olan sevgili anam Tahirə xanıma məsləhət bilirəm ki, sızlamadan, başlarını dik tutub şəstlə yerisinlər. Nuraya isə, qoyduğu şərtə, verdiyi dəstəyə görə ayrıca təşəkkür edirəm. Və həyatıma məna qatan nənəm Roza xanım məni gözləmədən bu həyatı tərk edərsə, onu bağışlamayacağam”, müraciətdə deyilir.

Öz növbəsində, rəsmi Bakı ölkədə hər bir kəsin qanun qarşısında bərabər olduğunu, insanların söz və ifadələrinə görə həbs edilmədiyini bəyan edir.

Bununla yanaşı, Amnesty İnternational Azərbaycanda həbsdə olan 13 şəxsi “vicdan məhbusu” elan edib. Hüquq-müdafiə təşkilatlarının məlumatlarına görə, hazırda yüzədək siyasi məhbus kimi tanınan şəxs var.

XS
SM
MD
LG