Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Haciyevin sədrliyi ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun məhkəmə prosesi üzrə hazırlıq iclası olub.
Rüfət Səfərov 2015-ci ilin sonlarında açıqlama verərək prokurorluq orqanlarından istefa verdiyini bəyan edib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.
Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.
Bakının Binəqədi rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsi Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.
R. Səfərov iqtidarda olan Yeni Azərbaycan Partiyasının fəallarından, Milli Məclisin keçmiş üzvü Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu son zamanlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini kəskin tənqidi ilə fərqlənir.
Rüfət Səfərov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir.
Bu günki hazırlıq iclasında vəkil Bəhruz Bayramov işə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.
Rüfət Səfərov bildirib ki, ona qarşı qaldırılmnış cinayət işi qondarmadır və əsası yoxdur.
“Fikrimi azad ifadə etdiyimə, vətəndaş mövqeyimi ortaya qoyduğuma görə məndən qisas alırlar. Bu cinayət işi mənə qarşı repressiyadır”, o qeyd edib.
Dövlər iittihamçısı Aydın Əliyev işin məhkəmə baxışına təqdim olunmasını istəyib. Məhkəmə baxışı avqustun 8-i saat 14.00-a təyin edilib.
Hakim məhkəmə zalında jurnalistlərə qeyd aparmaga imkan verməyib. O bunun üçün akkreditasiyanın tələb olunduğunu deyib.