Accessibility links

Eldar Sabiroğlu: Həbsxanada oğluma qarşı psixoloji-mənəvi təzyiqlər davam edir


Rüfət Səfərov
Rüfət Səfərov

“Kürdəxani təcridxansında Rüfətə qarşı psixoloji və mənəvi təzyiqlər indi də cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində davam etdirilir”.

Bu barədə Amerikanın Səsinə hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu bildirib.

Onun sözlərinə görə, müəssisədə zabitlərdən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib, bundan sonra müəssisə rəhbərliyi Rüfətə qarşı tədbir də görüb.

“Onlar qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün qabaqdangəlmişlik edərək Rüfəti müəssisənin daxili nizam-intizam qaydalarını pozmaqda təqsirli bilərək töhmət elan ediblər”.

E.Sabiroğlu deyir ki, problem bununla bitmir, belə ki, Rüfətə qarşı psixoloji-mənəvi təzyiqlər davam edir.

“Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”.

Penitensiar xidmət hələ Eldar Sabiroğlunun dediklərinə münasibət bildirməyib.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG