Accessibility links

Amerika-Azərbaycan əlaqələrinin prioritetləri [Video]


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın media nümayəndələri ilə görüşü
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın media nümayəndələri ilə görüşü

Səfir Morninqstar Qarabağ münaqişəsi, regional sabitlik, azad media, demokratiya, insan haqları, terrorizm, enerji təhlükəsizliyi və şəffaflıqdan danışıb.

Səfir Riçard Morninqstarın mətbuat konfransı
please wait

No media source currently available

0:00 0:07:40 0:00

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar öz iqamətgahında Azərbaycan mediasının nümayəndələri ilə görüşüb. Səfir tanışlıqdan sonra medianın çoxsaylı suallarına cavablandırıb.

O bildirib ki, Amerika ilə Azərbaycan arasında əlaqələr güclü və çoxşaxəlidir.
“Biz ortaq maraq kəsb edən bir sıra məsələlər üzərində birgə işləyirik. Bunların arasında regional sabitlik, demokratiya, insan haqları, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi, iqtisadiyyatın inkişafı və bir sıra digər məsələlərin adını çəkmək olar. Biz azad mediaya çox böyük dəyər veririk. Azərbaycanda səfirlik müddətimdə media ilə sıx əməkdaşlıq edəcəm”.

"Amerika səfirinin dedikləri" reportajı
please wait

No media source currently available

0:00 0:06:08 0:00
Direct link


Cənab Morninqstar Ağ Evin və Dövlət Departamentinin Azərbaycan zabiti Ramil Səfərovun əfvindən narahatlıq keçirməsi ilə bağlı bəyanatını dəstəklədiyini bildirib.
“Mən həmin bəyanatlara tərəfdaram. Biz hesab edirik ki, cənab Səfərovun əfv olunması narahatlıq doğuran bir məqamdır. Bu bölgədə gərginliyin azaldılmasına töhfə vermir, əksinə daha böyük problemlərə, iki ölkə arasında daha böyük münaqişənin yaranmasına gətirib çıxarır. Eyni zamanda, Budapeştdə verilən bəzi bəyanatlar da narahatlıq doğurur və Amerika bu bəyanatlarla bağlı müəyyən addımlar atmaqdadır. Çox ümidvarıq ki, Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konstruktiv dialoq prosesi davam etdiriləcək. Amerika aydın şəkildə bu ismarışı çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların konstruktiv dialoq şəklində davam etdirilməsində maraqlıdır”.

Onun dediyinə görə, Amerikanın əsas istəyi Azərbaycan və ya Ermənistanın gözlənilməz nəticələrə, vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara biləcək addımlar atmamasıdır.
“Biz həm Ermənistanı, həm də Azərbaycanı gərginliyin daha da artmasına gətirib çıxara biləcək hərəkətdən çəkinməyə çağırırıq”.

Səfir Morninqstar Amerikanın Səsi radiosunun insan haqları və demokratiya, həmçinin demokratik seçki mühiti ilə bağlı sualının cavabında deyib ki, Amerika demokratiya və insan haqlarına çox böyük önəm verir. Biz insan haqları və demokratiya sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmişik və bu əməkdaşlığı davam etdirəcəyik.
“Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə gəlincə, çoxsaylı proqramlarımız vasitəsi ilə plüralizmin inkişaf etdirilməsinə və dəstəklənməsinə çalışacağıq. Dövlət katibi Hillari Klinton Bakıya səfərlərinin birində bəyan edib ki, bizim ölkənin ən yaxşı əlaqələri o ölkələrlədir ki, onlar insan haqları və demokratiyanın təmin olunmasını həyata keçirir. Hesab edirəm ki, biz əməkdaşlığımız nəticəsində demokratiya, insan haqları, seçki mühitinin demokratikləşməsi məsələlərinə də nail ola bilərik. Enerji sahəsinə gəlincə, Amerika Azərbaycanla sıx əməkdaşlıq edib. Bizim enerji məsələlərinə verdiyimiz önəm digər sahələrə verdiyimiz önəmin əhəmiyyətini heç də azaltmır. Həm Azərbaycanın, həm də Amerikanın marağında olan məsələlərlə bağlı əməkdaşlığımızı davam etdirməliyik”.

Səfir jurnalistlərin dəfələrlə insan haqları və demokratiya məsələləri ilə balı təkrar-təkrar suallarını cavablandırıb. O qeyd edib ki, Amerika Azərbaycan hökumətinin insan haqlarının və şəffaflığın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı marağını da öyrənməyə çalışacaq.
“Hesab edirəm ki, Azərbaycanın enerji resursları ilə zəngin olması cəhətdən bəxti gətirib və bu iqtisadiyyatın digər sahələrini də inkişaf etdirmək imkanı yaradıb. Azərbaycan demokratiya və şəffaflığı inkişaf etdirmək üçün əlindən gələni etsə, regionda və dünyada qabaqcıl ölkələrdən birinə çevrilə bilər. Bu Azərbaycanın qarşısına çıxan bir imkandır və inanıram ki, bu imkandan lazımınca yararlanacaq”.

Amerika səfiri konqresmenlərin Bakıya son səfəri və konqresmen Deyn Rorabaherin İranda yaşayan azərbaycanlıların müstəqillik uğrunda mübarizəsinin Amerika tərəfindən dəstəklənməsi ilə bağlı Amerika hökumətinə müraciəti barədə sualın cavabında bildirib ki, bununla bağlı söhbətlər olub.
“Birincisi, Rorabaher hər hansı təkliflə çıxış etmək hüququna malikdir. Bu ABŞ-ın rəsmi siyasi mövqeyi deyil. Amerikanın siyasi mövqeyinə gəlincə, İranla Azərbaycan arasındakı sərhəddə hörmətlə yanaşır. Amma, Amerika İranla bağlı təhlükəsizlik baxımından Azərbaycanla zaman-zaman müzakirələr aparır. İran məsələsi təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycanın ən mühüm məsələlərindən biridir. Bu məsələni Azərbaycanla keçmişdə də müzakirə etmişik, indi də müzakirə edirik, gələcəkdə də müzakirə edəcəyik”.

O Azərbaycan müxalifətinin mövcud durumu ilə bağlı sualın cavabında deyib ki, Amerika ümumilikdə plüralizmin bərqərar olduğu bir cəmiyyətin yaranmasında və inkişafında maraqlıdır.

Səfir Amerika-Azərbaycan ticarət-iqtisadi əlaqələrindən danışarkən bildirib ki, əsas prioritetlərdən biri Azərbaycanda çoxsaylı Amerika şirkətlərinin işləməsinə çalışmaqdır.
“Burada sadəcə söhbət enerji sahəsindən getmir. Baxmayaraq ki, enerji sahəsində də çalışan Amerika şirkətləri çox deyil. Onların bəziləri əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı fəaliyyət göstərir. Qaz sektorunda demək olar ki, Amerika şirkətləri yoxdur. Eyni zamanda biz istərdik ki, digər sahələrdə də, məsələn telekommunikasiya, mədən sənayesi və başqa sahələrdə ABŞ şirkətlərinin daha çox olmasına diqqət yönəldək”.

Cənab Morninqstar Cənub dəhlizi ilə bağlı sualın cavabında deyib ki, Avropa Birliyi hazırda Transxəzər qaz kəməri ilə bağlı Azərbaycan və Türkmənistanla birgə razılığa gəlməyə çalışır.
“Avropa Birliyinin enerji məsələləri üzrə komissarı ötən həftə Bakıda səfərdə idi. Bundan sonra Aşqabada səfərdə olub və Azərbaycan energetika naziri də Türkmənistana səfər edib. Amerika Transxəzər kəmərini dəstəkləyir və kömək üçün lazım olan addımları atmağa hazırıq. Ümidvarıq ki, Avropa İttifaqı, Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı bu birgə fəaliyyət müsbət nəticələnəcək”.
Səfir Riçard Morninqstarın mətbuat konfransı
please wait

No media source currently available

0:00 0:03:29 0:00
XS
SM
MD
LG