Accessibility links

Rəsul Cəfərovun məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib


Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)
Rəsul Cəfərov (Foto Ülvi Həsənlinindir)

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri davam edib.

Araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu deyib ki, əsassız təqiblər R.Cəfərova qarşı cinayətdir.

“Əgər Rəsul pulları mənimsəmiş olsaydı bunu mənim vasitəmlə etməli idi. Mən bir layihə çərçivəsində sənədli filmin müzakirəsinin moderatoru idim və buna görə 100 manat aldım. Əgər Rəsul “əlavə pul yazmaq”la məşğul olsaydı mənim adıma 1000 manat da yaza bilərdi”,o vurğulayıb.

Məhkəmə heyətinin üzvü Cavid Hüseynov jurnalistin kinematoqrafiya sahəsində biliyi ilə maraqlanıb.

Ş.Çobanoğlu bildirib ki, onun rolu Kambocada vəziyyət, qırmızı kxmerlərin cinayətlərinin mahiyyəti barədə auditoriyaya informasiya vermək və baxışdan sonra müzakirəni keçirməkdən ibarət olub.

Hakim C.Hüseynovun “film Azərbaycanda çəkilib” sualı zalda gülüş doğurub.

Şahid, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Həmid Mütəllimov bildirib ki, gənc fəal Ülvi Həsənli ondan xahiş edib ki, 300 manat alması haqda sənədi imzalasın. Cünku onun vergi ödəyicilərinin identifikasiya nömrəsi yoxdur.

H.Mütəllimov imza edib və vergi ödənişi üçün nəzərdə tutulan 36 manatı alıb.

Ü.Həsənli isə deyib ki, sözügedən məbləği layihənin başqa iştirakçısına verib, çünkü onda vergi ödəyicilərinin identifikasiya nömrəsi olmayıb. NED-in maliyyələdirdiyi layihədə çalışan mühasib Tatyana Kryuçkina bildirib ki, bütün maliyyə sənədləri qanunauyğun qaydada aparılıb.

Prosesə sədrlik edən hakim Eldar İsmayılov R.Cəfərovun ofisinin olması ilə maraqlanıb. R.Cəfərov deyib ki, layihədə ofis icarəsi nəzərdə tutulmayıb və başqa layihə çərçivəsində ofisdən istifadə edib.

Şahid Əli Novruzov bildirib ki, layihə çərçivəsində 100 manat alıb və bu, rəsmən sənədləşdirilib.

Sonra vəkil Elçin Sadıqov şahid qismində çıxış edib. O bildirib ki, 2006-cı ildə Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətini təsis edib. Vəkillər Kollegiyasına üzv seçildikdən sonra QHT işləməyib və fəaliyyətsizlik haqda vergi hesabatı təqdim etmədiyinə görə 5 dəfə cərimə ödəyib.

2014-cü ilin əvvəllərində R.Cəfəvovun xahişilə QHT-ni onun idarəçiliyinə verib.

R.Cəfərov donorlardan iki qrant alıb. Lakin Ədliyyə Nazirliyi R.Cəfərovun QHT İdarə Heyətinin sədri seçilməsini təsdiqləməkdən imtina edib və onun gələcək fəaliyyəti dayandırılıb.

Bundan sonra hakim E.İsmayılov elan edib ki, bu gün ittiham şahidlərinin çıxışları başa çatır. 4 şahid qalır.

Növbəti iclas martın 12-nə təyin edilib.

Vəkil Ağababa Rzayev iclasın yekunlarını jurnalistlərə şərh edərkən bildirib ki, çıxış edən 9 şahid R.Cəfərovun xeyrinə ifadə verib. Onları R.Cəfərova qarşı sübutların olduğunu göstərmək üçün cəlb ediblər. Lakin onların çıxışları elə bunun əksini göstərir.

O xatrladıb ki, zərərçəkənlərin R.Cəfərova qarşı iradları olmayıb.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar- vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi)və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.

Amnesty İnternational Rəsul Cəfərovu”vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG