Strasburqda Avropa Şurası Parlament Assambleyasında korrupsiya ittihamları üzrə müstəqil istintaq qrupunun hesabatı AŞPA-nın plenar iclasında müzakirələrdən sonra qəbul edilib. Avropa Şurası 10 ay ərzində apardığı təhqiqat nəticəsində AŞPA -nın keçmiş sədri Pedro Aqramunt da daxil olmaqla, keçmiş və hazırkı üzvlərinin korrupsiyaya yol verdiyini iddia edib. Hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə AŞPA-da korrupsiya faktlarına dair hesabatın qəbul edilməsi, Azərbaycanda siyasi məhbuslar və ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatının Azərbaycanla bağlı hissələrini şərh edib.
Rəsul Cəfərovun bildirdiyinə görə, korrupsiya ittihamlarında adları hallanan deputatlara qarşı həm fərdi addımların atılması nəzərdə tutulur, həm də eyni zamanda gələcəkdə bu kimi halların qarşısını almaq üçün AŞPA-nın etik kodeksinə ciddi dəyişikliklərin edilməsi təklif olunub.
“O cümlədən, müxtəlif pozisiyalara təyinatlar zamanı siyasi qruplara ciddi mesaj göndərilib ki, onlar ehtiyatlı olmalıdırlar. Maraq toqquşmasında adı hallana bilən və yaxud da buna ehtimal edilən bilən heç bir şəxsi məruzəçi və yaxud da hansısa digər pozisiyalara irəli sürülməməlidirlər.”
Avropa Şurası Parlament Assambleyasının 24 deputatı baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırıb.
Rəsul Cəfərov qeyd edib ki, AŞPA deputatlarının siyasi məhbuslar haqda hesabata qayıdılmasına dair zərurəti korrupsiyaya dair hesabat da daxil olmaqla iki əsas məsələ ilə əsaslandırıb.
“Birinci əsaslandırma məhz bu barəsində danışdığımız korrupsiya hesabatı ilə bağlıdır. Yəni deputatlar qeyd edirlər ki, bu korrupsiya ittihamları 2013-cü ilin yanvarında almaniyalı deputat Ştrasser tərəfindən hazırlanmış hesabatın qəbul edilməməsi istiqamətində olduğu üçün bu hesabat olmalıdır. Və ikinci əsaslandırdıqları məsələ də İlqar Məmmədovun işidir ki, orada Avropa Məhkəməsinin iki qərarının olmasına baxmayaraq, Nazirlər Komitəsinin çoxsaylı qətnamələrinin olmasına baxmayaraq, Avropa Şurası tarixində heç vaxt istifadə edilməyən, tətbiq edilməyən prosedurlar olmasına baxmayaraq, İlqar Məmmədov həbsdə saxlandığı üçün bu faktın özü kifayət edir ki, Azərbaycanda siyasi məhbusların olduğunu bəyan etmiş olsun həmin deputatlar.”
Hüquq müdafiəçisinin sözlərinə görə, sənədin AŞPA-nın növbəti plenar iclasına çıxarılması və məruzəçinin təyin ediləcəyi gözlənilir.
“Bunun qarşısını artıq indiki şərtlərdə ancaq bir şey ala bilər: Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması. Yəni məsələn, üzümüzə gələn ayda, ya da aylarda həm İlqar Məmmədov, həm digər siyasi məhbuslar azadlığa buraxılırsa, ola bilər bu sənədə ehtiyac qalmasın, bu zərurət aradan qalxsın. Amma bu olmayacaqsa, böyük ehtimalla bu sənəd böyük dəstək qazanacaq, çünki sənədi imzalamış 30-a yaxın deputat AŞPA-dakı hər beş siyasi qrupu təmsil edir və bəziləri hətta qrupun sədrləridir.”
Rəsul Cəfərov ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan haqlarının durumuna dair hesabatında Azərbaycanla bağlı hissələrini şərh edib.
“Artıq mənə elə gəlir ki, Azərbaycanda heç kəsin şübhəsi yoxdur ki, siyasi məhbus var. Heç kimdə şübhə doğurmur ki, İlqar Məmmədov, Mehman Hüseynov, İlkin Rüstəmzadə, Seymur Həzi və adlarını saymadığım onlarla digər şəxslər məhz siyasi mövqelərinə görə həbsdədir. İşgəncələrlə bağlı xüsusən bu faktlar Taleh Bağırzadə və onunla birgə Nardaran qəsəbəsində həbs olunan şəxslərin məhkəməsində səsləndirilirdi. Faktiki olaraq, bu işgəncə faktları inkar edilmədi. Bu o zaman tam inkar edilmiş olardı ki, həmin iddialar üzrə, həmin faktlar üzrə ciddi araşdırılma aparılardı və həmin ciddi araşdırmanın nəticəsində sübut edilərdi ki, bu işgəncə hallarına yol verilməyib. Amma təəssüflər olsun ki, bu, baş vermədi və biz hüquq müdafiəçiləri olaraq tam əminik ki, işgəncə faktları olub.”
Rəsul Cəfərov ABŞ Dövlət Departamentinin hesabatını obyektiv kimi qiymətləndirdiyini bildirib.
“İşgəncə iddiaları olanda, dövlətin üzərində öhdəlik var. Bu öhdəlik ondan ibarətdir ki, həmin iddialar üzrə araşdırma aparılmalıdır. Bu araşdırma olmayanda istər Dövlət Departamentinin hesabatı, istər yerli təşkilatların, istər başqa dövlətlərarası və yaxud da qeyri-hökumət təşkilatlarının hesabatında bu faktlar öz əksini tapacaq. Yəni hesabatı obyektiv hesabat kimi qiymətləndirirəm. Və hesab edirəm ki, Azərbaycanda insan haqlarının vəziyyətini düzgün ifadə edir həmin hesabat.”