Accessibility links

Respublikaçıların qurultayının ikinci gününə baxış [Fotolar - Video]


ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində davam edən Respublikaçıların Milli Qurultayının ikinci gününü qurultayın ən mühüm günü hesab etmək olar. Belə ki, iyulun 19-da bütün şübhələrə son qoyularaq qurultay milyarder biznesmen Donald Trampı partiyanın ABŞ-ın növbəti prezidentliyi uğrunda mübarizə aparacaq namizədi kimi təsdiq etdi.

Tramp təsdiq olundu amma...

Qurultayın ikinci günü öz işinə ştatların deleqat nümayəndələrinin səslərinin beyan edilməsi və hesablanması ilə başladı. Amerikanın Səsinin qurultayın keçirildiyi Quicken Loans Arenada olan əməkdaşı Emil Quliyevin məlumatına görə, Roll Call Vote adlanan səslərin bəyan olunması zamanı zala Donald Trampın övladları da gəlib. Ən sonda səsini bəyan edən ştat Nyu-York olub və ştatın nəticələrini açıqlamaq imkanı Donald Trampın oğlu Donald Tramp J.-ə verilib. Ümumi nəticələrə görə, namizədliyi əldə etmək üçün 1237 deleqat toplamalı olan Tramp 1700-dən artıq nümayəndə qazanaraq nominasiyanı əldə edib.

Alyaska ştatından olan nümayəndələr etiraz səsi ucaldaraq səslərinin düzgün sayılmadığını bildirib. Alyaska nümayəndələrinin rəhbəri rəsmən ştat səslərinin yenidən hesablanmasını tələb edib. Arenadakılar isə "Biz Trampı istəyirik" şüuarları ilə Alyaska nümayəndələrinə qəzəblərini ifadə ediblər.

Respublikaçıların Konqresdəki lideri Pol Rayan Trampın rəsmən təsdiq edilməsini bəyan etməmişdən əvvəl ştatlara sonuncu dəfə “Hansısa ştat səslərinin yenidən sayılmasını istəyirmi?” deyə müraciət edib. Bu zaman Alyaska ştatından olan nümayəndələr etiraz səsi ucaldaraq səslərinin düzgün sayılmadığını bildirib. Alyaska nümayəndələrinin rəhbəri rəsmən ştat səslərinin yenidən hesablanmasını tələb edib. Arenadakılar isə "Biz Trampı istəyirik" şüuarları ilə Alyaska nümayəndələrinə qəzəblərini ifadə ediblər.

Qısa fasiləyə ayrılan Respublikaçı rəsmilər daha sonra səhnəyə qayıdaraq Alyaskanın səslərinin nəticələrə təsir etmədiyini bildirib. Pol Rayan daha sonra rəsmən partiyanın namizədinin Donald Tramp olduğunu bəyan edib.

Trampın qurultay iştirakçılarına müraciəti

Bundan sonra Nyu-Yorkdan video-görüntü vasitəsilə qurultaya qoşulan Donald Tramp partiyadan nominasiya almasını həyatında heç zaman unutmayacağını bildirib. Təxminən 2-3 dəqiqəlik videoda o, 1 il davam edən kampaniyadan sonra tarixi qələbə əldə etdiklərini deyib: “Bu, hərəkatdır. Ancaq biz sonadək mübarizə aparmalıyıq. ABŞ prezidentliyinə namizəd olmağımdan qürur hissi keçirirəm. Biz prezidentlik mübarizəsindən də qələbə qazanıb, real idarəçiliyi yenidən Vaşinqtona qaytaracağıq. Bu idarəçilik ilk öncə amerikalıları nəzərə alacaq”. Tramp yürüdəcəyi siyasətlər barədə cümə günü, iyulun 21-də ətraflı çıxış edəcəyini dilə gətirib.

Kimlər çıxış etdi?

Qurultayın ikinci günündə həmçinin Trampın övladları Tiffani və Donald da çıxış edib. Onlar atalarında olan xüsusiyyətlərin əsl atalıq, hətta prezidentlik keyfiyyəti olduğunu bildirib.

Onlardan başqa Trampın rəqibi olmuş Ben Karson və Nyu Cersi qubernatoru Kris Kristi də çıxış ediblər. Qurultayın ikinci gününün mövzusu "Amerikanı yenidən işlə təmin edək" olsa da, spikerlərin demək olar ki hamısı yenidən demokratların ehtimali namizədi Hillari Klintonu hədəf alıb.

Qurultayın 3-cü günündə isə respublikaçıların vitse-prezidentlik namizədi Mayk Pensin nitq söyləyəcəyi gözlənilir. Onunla bərabər səhnəyə Donald Trampın da çıxıcağı ehtimal olunur.

Klivlend şəhərində silah tərəfdarlarının nümayişi
Klivlend şəhərində silah tərəfdarlarının nümayişi

Aksiyalar

Klivlenddə qurultayın ikinci günü həm də böyük etiraz aksiyaları ilə yadda qalıb. Bir neçə qrup şəhərin mərkəzindəki İctimai Meydanda müxtəlif çağırışlı nümayiş keçirib. Polis nümayişçilər arasında insiden yaşanmaması üçün canlı sədd qurublar. Nümayiş keçirənlər arasında Trampın tərəfdarları və əleyhdarları ilə yanaşı, Trampın siyasətini bəyənməyən respublikaçı, qadın hüquqları tərəfdarları, eləcə də silah daşımaq hüququ tərəfdarlarının silahlı göstərisi yer alıb.

XS
SM
MD
LG