Accessibility links

Respublikaçıların qurultayı sürprizlərlə başladı [Fotolar]


Tramp əleyhdarlarının üsyanı, biznesmenin gözlənilməz səfəri və Melaniaya plagiat çıxış ittihamı - Qurultayın I günündə nələr baş verdi?

İyulun 18-də ABŞ dövlət himninin oxunuşu ilə başlayan Respublikaçılar Partiyasının Milli Qurultayı daha sonra gözlənilməz hadisəyə səhnə olub. Belə ki, Donald Trampın partiyanın namizədi olmasını istəməyən franksiya ən son şanslarından istifadə etməyə çalışıb. Bir neçə ştatdan olan respublikaçı nümayəndələrin tələbi ilə qurultay qaydalarının dəyişdirilməsi və deleqatların səslərini yenidən verməsinin səs qoyulması irəli sürülüb. Bu an bir anlıq qurultayın keçirildiyi Quicken Loans Arenada xaos yaşanıb.

Bir tərəfdə Tramp tərəfdarları, digər tərəfdə isə onun namizədliyinin əleyhinə olan franksiya səslərini ucaldaraq mövqelərini əks etdirməyə çalışıb. Bu, mənzərə həm də bu il Respublikaçılar Partiyasındakı fikir ayrılıqlarının nə qədər ciddi olduğunu göstərib. Bununla yanaşı, irəli sürülən tələbin qəbul edilməməsi Donald Trampın rəsmən namizəd elan olunmasına dair şübhələrə son qoyub.

Trampın gözlənilməz qurultay səfəri

Təsadüfi deyil ki, Klivlend şəhərinə cümə axşamı gəlməyi planlaşdıran Donald Tramp dünən çıxış edən həyat yoldaşı Melania Trampı müşayiət etmək üçün gözlənilmədən qurultaya qatılıb. Dramatik şəkildə səhnəyə daxil olan biznesmen daha sonra nitq söyləmək üçün həyat yoldaşını qurultay iştirakçılarının qarşısına çıxmağa çağırıb.

Donald Trampın 1 ildən artıqdır davam edən prezidentliyə namizədlik kampaniyasında çox cüzi çıxışları ilə yadda qalan həyat yoldaşı Melanianın qurultayda çıxış edəcəyinə dair şübhələr olsa da, kampaniya mənbələrindən sızan məlumatlarda onun buna müsbət baxdığı bildirilmişdi. Xanım Trampın ABŞ-a model kimi mühacirət etdiyini o, səhnəyə çıxarkən də aydın şəkildə görmək olardı.

Melania Tramp həyat yoldaşı haqqında nə dedi?

Prezidentlik üçün həyat yoldaşı Donald Trampın seçildiyinə görə qürurlu olduğunu bildirən Melania respublikaçı deleqatlara və qurultaya toplaşanlara 2006-cı ilin iyulunda ABŞ vətəndaşı olduğunu və həmin günün onun üçün dünyada ən şərəfli gün olduğunu deyib. Daha sonra o, Donald Trampı “möhtəşəm lider” adlandırıb. “Əgər ölkə və sizin üçün kiminsə mübarizə aparmasını istəyirsinizsə, sizi əmin edə bilərəm ki, həmin şəxs odur. Tramp dediyi hər şeyə əməl edir. O, ölkəni ən pozitiv yollarla irəli aparacaq” – deyə Melania bildirib.

46 yaşlı Melania noyabradək onları çətin mübarizənin gözlədiyini, çətin və asan anlarının olacağını, ancaq Trampa davam edən yolun əyləncəsiz olmayacağını bildirib.

Bəzi ekspertlər “O, sizin üçün işləyəcək” –deyən xanım Trampın çıxışında Mişel Obamanın 2008-ci ildəki çıxışı ilə bir çox oxşarlıqlarını olduğunu da nəzərə çatdırıb.

Respublikaçıların qurultayında “Klinton sədaları

Repsublikaçıların Milli Qurultayının ilk günü mövzu “Amerikanı yenidən təhlükəsiz edək” olub. Belə ki, Melania Trampdan başqa iyulun 18-də çıxış edən demək olar ki, hər kəs bu mövzunu əhatə edib. Onlar arasında iki Dəniz Qüvvələri zabiti, eləcə də 2012-c ildə ABŞ-ın Benqazidəki konsulluğuna hücum zamanı həlak olan amerikalının anası da olub. Benqazi hadisəsinin baş verdiyi zaman dövlət katibi olmuş Hillari Klintonun həbsinə çağıranlar hücuma görə birbaşa demokratların ehtimali namizədini günahkar bilib.

Qurultayın ilk günü habelə Nyu-York meri Rudolf Culiani, Ayova senatoru Coni Örnst də çıxış edib.

Ümumilikdə isə bu qurultay respublikaçıların son bir neçə onillikdə ən bölünmüş milli qurultayı hesab edilir. Təsadüfi deyil ki, Respublikaçılar partiyasından ABŞ-a 2 prezident bəxş etmiş Buş ailəsi, eləcə də Donald Trampın rəqibi olmuş Ceb Buş qurultaya qayılmayıb. Burada iştirak etməyənlər arasında nüfuzlu senator Con Makkeyn və sabiq prezidentliyə namizəd Mitt Romni də var. Digər maraqlı məqam isə qurultayın Ohayo ştatında keçirilməsinə baxmayaraq, Ohayo qubernatoru, Donald Trampın rəqibi olmuş Con Keysiç də etiraz əlaməti olaraq qurultaya qatılmır.

Bununla yanaşı, Klivlendə həm Tramp tərəfdarlarının, həm də əleyhdarlarının çıxışları da davam edir.

XS
SM
MD
LG