Accessibility links

Azərbaycan əlilliyi olan şəxslərin çap məhsullarına əlçatımlılığını asanlaşdıran müqaviləyə qoşulub


Brayl əlifbası
Brayl əlifbası

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulub.

Bu barədə sənədi Azərbaycan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-yə üzv dövlətlərin Baş Assambleyasının bu il oktyabrın əvvəlində İsveçrənin Cenevrə şəhərində keçirilən 58-ci toplantısında təşkilatın baş direktoru Frensis Qarriyə təqdim edib.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin məlumatına görə, bu il iyunun 12-də prezident İlham Əliyev “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında qanunu imzalayıb. Azərbaycan Mərakeş Müqaviləsinə qoşulan 42-ci ölkə olur. Azərbaycan üçün bu müqavilə 2018-ci il dekabrın 24-dən qüvvədə olacaq.

Müqavilə dərc olunmuş əsərləri kor, görmə qüsurlu və çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün daha əlçatan etmək məqsədilə 2013-cü il iyunun 27-də Mərakeş şəhərində qəbul edilib.

Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, belə şəxslər üçün əsərlərin mümkün əlçatan formatlarda çatışmazlığının aradan qaldırılmasına və bu nüsxələrin transsərhəd mübadiləsinə imkan yaradır.

“Mərakeş Müqaviləsində iştirak Azərbaycanın bu sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, eləcə də bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək edəcək”, Kamran İmanov qeyd edib.

XS
SM
MD
LG