Accessibility links

Azərbaycan və Bolqarıstan ticarət əlaqələrini genişləndirəcək


İlham Əliyev və Boyko Borisov
İlham Əliyev və Boyko Borisov

"Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək". Bu barədə prezident İlham Əliyev yanvarın 15-də Bolqarıstan baş naziri Boyko Borisovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

İlham Əliyev deyib ki, əlaqələrin müxtəlif aspektləri müzakirə edilib və uğurlu əməkdaşlığın bundan sonra da davam etməsi təsdqilənib.

“İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil”.

Dövlət başçısı qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılması barədə göstərişlər verildiyini, qarşılıqlı sərmayə qoyuluşu istiqamətində də işlər görüləcəyini bildirib.

Bolqarıstanın baş naziri Boyko Borisov deyib ki, SOCAR - Dövlət Neft Şirkəti Bolqarıstanın qazlaşdırılmasında iştirak edəcək.

İlham Əliyev və Boyko Borisov
İlham Əliyev və Boyko Borisov

Bolqarıstan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində ildə 1 mlrd. kubmetr qaz alacaq.

"Bir neçə il sonra Bolqarıstan ərazisinə 1 mlrd. kubmetr Azərbaycan qazının nəql ediləcəyini nəzərə alaraq, bu gün biz cənab baş nazirlə birlikdə müvafiq qurumların rəhbərlərinə Azərbaycanın SOCAR şirkətinin Bolqarıstanda qazlaşdırma həyata keçirməsi ilə bağlı məsələləri araşdırmaq göstərişi verilib", Əliyev bildirib.

O, Azərbaycanın aşağı büdcəli Buta Airways şirkətinin həyata keçirəcəyi Bakı-Sofiya marşrutu üzrə aviareysin açılmasını əlamətdar hadisə adlandırıb.

Öz növbəsində, Borisov qeyd edib ki, bu günə Bolqarıstanın cəmi 3%-i qazlaşdırılıb, buna görə SOCAR-la əməkdaşlıq vacibdir.

Qazlaşdırma kömür və odundan istifadə ilə əlaqədar ətraf mühitin çirklənməsinin qarşısının alınmasına imkan verəcək və əhalinin sosial cəhətdən müdafiəsiz olan təbəqəsini mavi yanacaqla təmin edəcək.

"Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə miqdar və bu işin həyata keçirilməsi müddəti müəyyən olunacaq, belə ki, Azərbaycan tərəfi qaz təchizatı üçün ən sərfəli qiymətləri təklif edir.

1 mlrd. kubmetr qaz Bolqarıstanda bir çox evi məişət qazı ilə təmin edəcək", Borisov bildirib.

O, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra dəmir yolu daşımalarının inkişafının əhəmiyyətini qeyd edib.

Bakıdakı danışıqlarda Azərbaycan və Türkiyə arasında dəmiryolu dəhlizinin inkişaf perspektivləri də müzakirə olunub. "Bu, Avropaya ən qısa nəqliyyat dəhlizidir. Biz də onun inkişafı üçün öz dəmiryolu şəbəkələrimizi hazırlayırıq. Bu, həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu yol bizim dəmiryolu stansiyalarımıza, oradan da bütün Avropa ölkələrinə çıxa bilər. Bizim 8 və 10 nömrəli nəqliyyat dəhlizləri üzrə "Berlin prosesi" əsasında gördüyümüz iş bu yolları Skopyeyə qədər uzatmağa imkan verəcək", Borisov bildirib.

XS
SM
MD
LG