Accessibility links

Repressiya və İşgəncələr Əleyhinə Komitə: AXCP sədri və ailə üzvlərinin ətraf aləmdən təcridinə son qoyulsun


Repressiya və İşgəncələr Əleyhinə Komitə Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası ilə bağlı tətbiq etdiyi karantin rejimindən siyasi rəqiblərinə qarşı sui-istifadə faktlarını, siyasi rəqabət prosesini sivil müstəvidən düşmənçilik müstəvisinə gətirməsini pisləyən bəyanatla çıxış edib.

“Artıq 12 gündür ki, AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli və ailəsi ətraf aləmdən tamamilə təcrid şəraitində - faktiki olaraq ev həbsi şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Kərimlinin və ailə üzvlərinin sms göndərib evdən çıxmaq üçün rəsmi icazə almaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib-gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və həbs edilir,” sənəddə deyilir.

Məhz Əli Kərimli və ailəsi ilə təmas yaratdıqlarına görə jurnalist Təzəxan Mirələmli 5 saata yaxın Xətai rayon Polis İdarəsində təhdidlərə məruz qoyulub, jurnalist Teymur Kərimova işgəncə verilib və videokamerası əlindən alınaraq sındırılıb, Kərimlinin ictimai əsaslarla köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Niyaməddin Əhmədov və Ruslan Əmirov inzibati həbsə məhkum edilib.

Кarantin dövründə 5 nəfər - Tofiq Yaqublu, Elvin Muradov, Elçin Məmməd, Əlizamin Salayev və Təzəxan Mirələmli barədə qondarma cinayət işləri açılıb, onlardan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, Mirələmlidən heç yerə getməmək barədə iltizam alınaraq, istintaq araşdırması aparılır. Psixoloji baxımdan tam sağlam olan Aqil Hümbətov ruhi xəstəliklər xəstəxanasına salınıb, digər 35 nəfər isə ya inzibati həbs və işgəncəyə, ya da cərimə cəzasına məhkum edilib.

"Repressiya və İşgəncələr Əleyhinə Komitə olaraq ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Azərbaycan hakimiyyətinin Əli Kərimli və tərkibində azyaşlı uşaq olan ailəsinin tam blokadaya alınaraq aclığa məhkum etməsi, siyasi motivli kütləvi həbs, işgəncə və digər cəzalandırmalar sırf siyasi qisasçılıq və xalqa qarşı psixoloji terror zəminində həyata keçirilir,” bəyanatda qeyd olunur.

Komitə Əli Kərimlinin və ailəsinin blokadasını dayandırmağı, qondarma ittihamlarla həbs olunan şəxsləri azad etməyi tələb edir.

Repressiya və İşgəncələr Əleyhinə Komitə ölkə və beynəlxalq ictimaiyyəti, o cümlədən, Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatları, beynəlxalq hüquq-müdafiə təşkilatlarını, aparıcı dünya dövlətlərini və onların Azərbaycandakı səfirliklərini hakimiyyətin insan haqlarını pozmasına yönəlik total hücumuna səssiz qalmamağa çağırır.

Rəsmi Bakı karantin rejimi dövründə qanunvericiliyin tətbiqində ayrıseçkiliyə yol verilmədiyni, siyasi rəqiblərini təqib etmədiyni bildirir. Azərbaycan hakimiyyəti bir qayda olaraq insan hüquqları və müxalifətin təqibi ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG