Accessibility links

Bakıda repressiya və işgəncələr ətrafında dinləmələr olub


Repressiya və İşgəncələr Əleyhinə Komitəsində 19 oktyabr mitinqinə dair tədbir
please wait

No media source currently available

0:00 0:04:29 0:00

Dinləmələrdə Milli Şuranın aksiyası zamanı, Tərtər və Gəncə işi, habelə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı işgəncələrdən danışılıb

Repressiyalar, işgəncələr, insanların öldürülməsi, ədalətsizlik. Biz hazırki iqtidarın zamanında haqq-ədalətin təmin olunmasına nail ola bilmirik. Bu səbəbdən də etiraz aksiyalarında iştirak edirik və müxalifətin ədaləti bərpa edəcəyinə inanırıq.

Bu ifadələr oktyabrın 24-də Repressiya və İşgəncələr Əleyhinə Komitənin Milli Şuranın 19 oktyabr aksiyası zamanı, “Gəncə işi” və “Tərtər işi” ilə bağlı insanların işgəncələrə məruz qalması ətrafında keçirdiyi dinləmələrdə çıxışların ana xəttini təşkil edib.

Repressiya və işgəncələr ətrafında dinləmələr olub
Repressiya və işgəncələr ətrafında dinləmələr olub

Müzakirələrdə “Tərtər işi” üzrə təqsirləndirilən və öldürülən hərbiçilərin, Gəncə hadisələrindən sonra xüsusi əməliyyatlar zamanı öldürülənlərin, habelə “Euroviziya işi”, “Nardaran işi” üzrə həbsdə olanların doğmaları və işgəncələrə məruz qalan siyasi məhbusların qohumları iştirak edib.

“Yenə 37-ci il repressiyaları davam edir. Haqq sözünü deyənlər öldürülür, işgəncəyə məruz qalır. Gözümün ağı-qarası olan yeganə oğlumu 29 yaşında öldürdülər. Hüququmu istəyirəm. Hökumət, insanları eşidin, söz demək isətyirik! Bütün xalq bir olub, nəhayətdə sözünü deyəcək. Birgə olmasaq bizi eşitməycəklər,” Gəncə hadisələri ilə bağlı öldürülən Murad Rəhimovun anası Şəfa Axundova belə deyib.

Hökumət insanları eşidin, söz demək isətyirik! Bütün xalq bir olub, nəhayətdə sözünü deyəcək.
Şəfa Axundova, Gncə hadisələri ilə bağlı öldürülmüş Murad Rəhimovun anası


“Tərtər işi” ilə bağlı işgəncələrlə öldürülən və sonra bəraət verilən, 22 il hərbi xidmətdə olmuş polkovnik-leytenant Taleh Qafarovun həyat yoldaşı Natəvan Qafarova ölümdə korpus komandirini günahlandırıb.

“Göstərişi korpus komandiri verib, amma sıravi hərbiçiləri həbs ediblər. Sual edirəm - sıravi hərbiçi polkovnik-leytenantı özbaşına döyüb öldürə bilərmi? Həyat yoldaşımın cəsədinin fotoları var. Onun dırnaqları çəkilib, toka verilməkdən kürək nahiyəsi bir neçə yerdən partlayıb, ağzı cırılıb, bud nahiyəsi cırıq-cırıq idi, ayağı sındırılıb. Əsas qatillərin tutulmasını, haqq-ədalətin bərpa edilməsini tələb edirəm,” o qeyd edib.

İbrahim İbrahimli 19 oktyabr aksiyasında saxlaıldıqdan sonra
İbrahim İbrahimli 19 oktyabr aksiyasında saxlaıldıqdan sonra

Oktyabrın 19-da Bakıda müxalifətin etiraz aksiyası zamanı saxlanılan şəxslərə işgəncələr verilməsi ilə bağlı müzakirələr zamanı Milli Şuranın üzvü İbrahim İbrahimli (onun boğaz nahiyyəsində qançırlar var-red) deyib ki, Azərbaycan xalqı artıq işgəncələrdən qorxmur. Xalq işgəncəni qəlbində nifrətə çevirib etiraz aksiyalarına qoşulur.

“Şimali Koreya istisna olmaqla, dünyanın heç bir ölkəsində aparıcı müxalifət partiyasının liderinə Azərbaycandakı qədər vəhşilik edilməyib. Xalqın etirazını hökumət eşitmədiyindən, onlar Milli Şuraya qoşulub. Biz xalqımıza sahib çıxıb, hüquqlarını bərpa edəcəyik,” o bildirib.

Müsavat Partiyasının fəalı Nigar Həzinin həyat yoldaşı Seymur Həzi, atası Tofiq Yaqubli inzibati həbsə məhkum edilib. Onun qardaşı da aksiya zamanı saxlıanılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Nəhayət atamla 5 dəqiqəlik görüş verdilər. Onun gözlərinin ətrafında, sifətində qançırlar var. Sağ qolunu qaldıra bilmir, qollarında rezin qandalın izləri qalmaqdadır. Atamı əli qandallı halda üzü üstə uzadıb bir saatdan çox döyüblər.
Nigar Həzi, Milli Şuranın aksiyası zamanı həbs edilən Tofiq Yaqublunun qızı

“Nəhayət atamla 5 dəqiqəlik görüş verdilər. Onun gözlərinin ətrafında, sifətində qançırlar var. Sağ qolunu qaldıra bilmir, qollarında rezin qandalın izləri qalmaqdadır. Atamı əli qandallı halda üzü üstə uzadıb bir saatdan çox döyüblər. Deyiblər ki, mübarizədən çəkildiyini desin. Atam işgəncələrə məruz qalsa da mübariz əzmdədir,” o deyib.

Nigar Həzi hələ həyat yoldaşı keçmiş siyasi məhbus Seymur Həzi ilə görüşünə icazə verilmədiyni deyib.

“Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimli, AXCP fəalları Cabbar Savalanlı və Nicat Abdullazadə ən sərt işgəncələrə məruz qalıb. Müsavat Partiyasının üzvləri Rəhim Yaqublu və Ayxan Hacızadə, habelə partiyalara üzv olmayan digər şəxslər fiziki təzyiqə məruz qalıb," Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev deyib.

Onun sözlərinə görə, aksiya zamanı 300-dən çox insan saxlanılıb. Onlardan 31 nəfəri inzibati qaydada 5 sutkadan 60 sutkayadək həbsə məhkum edilib. AXCP fəalı Paşa Umudov barəsində isə narkotik ittihamı ilə cinayət işi başlanılıb, 3 ay həbs qətimkan tədbiri seçilib.

Polis ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısını qanun çərçivəsində alıb.
Daxili İşlər Nazirliyi

Öz növbəsində, Daxili İşlər Nazirliynin (DİN) bu gün yaydığı məlumatda deyilir ki, oktyabrın 19-da polis ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısını qanun çərçivəsində alıb.

"Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılır. Xüsusi qruplar tərəfindən bu kadrların altında polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüş dolu statuslar yazılır," DİN-in məlumatında bildirilir.

DİN bu böhtana inanmayan vətəndaşlara təşəkkür edir və bildirir ki, "zamanın sərt sınaqlarından çıxmış, həmişə dövlətçiliyin etibarlı müdafiəçisi, vətəndaşların ümid yeri olan daxili işlər orqanlarının şəxsi heyəti qaragüruhçuların nə deməsindən asılı olmayaraq öz fəaliyyətini, dövlətçiliyə və xalqa sədaqət ruhunda davam etdirir və bundan sonra da belə olacaq".

“Tərtər işi"

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılır.

“Gəncə işi”

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Repressiya və işgəncələr ətrafında dinləmələr olub
Repressiya və işgəncələr ətrafında dinləmələr olub

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib. Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb.

Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub. Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

Artıq "Gəncə işi" ilə bağlı bir neçə məhkəmə prosesi başa çatıb. Apellyasiya instansiyasında uzun müddətə həbsə məhkum edilmiş onlarla insanın cəzası yüngülləşdirilib, bir neçə şəxs isə azadlığa buraxılıb.

“Nardaran işi”

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb. Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib. Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.

“Eurovision məhbusları”

2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfər həbsdədir. 2013-cü il noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların 3 nəfəri ömürlük, digərləri isə 9 ildən 15 ilədək azadlıqdan məhrum edilib.

İttihama görə, beynəlxalq radikal terrorçu şəbəkənin Azərbaycanda terror aksiyalarının törədilməsi üçün regionda fəaliyyət göstərən Vüqar Padarovla (Azərbaycanda hüquq-mühafizə orqanlarına silahlı müqavimət zamanı öldürülüb) eyni səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeyd" ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror həyata keçirməyi planlaşdırıblar.

Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, ölkənin müxtəlif bölgələrində silahlı qarşıdurma zamanı terroru planlaşdıran dəstənin bir neçə üzvü öldülüb. Atışma zamanı həmçinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, hüquq mühafizə orqanlarının ondan çox əməkdaşı yaralanıb.

Bununla yanaşı, həbsdə olan şəxslər məhkəmələrdə ittihamları qəbul etməyib. Onların yaxınları işgəncələrə məruz qaldıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG