Accessibility links

Reper həbs edilib


Pərviz Quluzadə (Paster)
Pərviz Quluzadə (Paster)

Reper Pərviz Quluzadə 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Pərviz Quluzadə dekabrın 26-da Bakının Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edib, polisin qanuni tələbinə tabe olmayıb.

Binəqədi rayon Məhkəməsi Quluzadəni İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkuim edib.

Bununla yanaşı, sosial şəbəkələrdə reper Pərviz Quluzadənin (Paster) “Gang” klipində Paşa Bankın adını hallandırdığına görə dörd gün əvvəl saxlanılaraq Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir. Bir sıra statuslarda reperin işgəncələrə məruz qoyulduğu da yer alıb.

Yerli və beynəlxalq mediada Paşa Bankın hakim ailənin nəzarətində olduğu barədə məlumatlar yayılıb.

Reperin “Gang” klipi bu il dekabrın 9-da YouTube kanalında yayımlanıb. Klipə yüz minlərlə insan baxıb. Klipin 1.24 dəqiqəsində “Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib.

Pərviz Quluzadə gənc ifaçıdır, son bir neçə ildə rep stilində mahnılar oxuyur.

Reperin həbsi sosial şəbəkələrdə geniş müzakirə və tənqidlərə səbəb olub. Bu fikir azadlığının məhdudlaşdırlması kimi qiymətləndirilir.

Reperin həbsinə münasibətlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli reper Pərviz Quluzadəyə (Paster) azadlıq tələb edən statusla çıxış edib.

“Ölkənin məşhur reperlərindən biri Paster "Gang" klipində "Götürəcəyəm ölkəni necə Paşabank" dediyi üçün 4 gün "Bandotdel"də saxlanılıb və indi məlum olur ki, 30 sutka inzibati həbsə məhkum edilib. Yəqin ki, ona işgəncə verilib.
Pasterdən seçmə misralar:
"Hər sətirim başıma bəladı..."
“Gizlində saxlayıram hörmətimi Rəsulzadəyə, Elçibəyə”
“Yekə qarın, mədəniyyətin yoxdu, oxşayırsan mülki geyimli polisə...”
“Mən azərbaycanlı məmur kimi taxtımda çürüyəcəm”
“Səni soyacağıq ölkənin gömrüyü kimi...”
“Ölkənin qazını Gürcüstana münasib qiymətə pay veriblər...”
Pasterin həbsi birbaşa yaradıcılığı ilə bağlıdır. Bu da Əliyevsayağı islahatlar. Hər kəsi bu istedadlı gəncin müdafiəsi üçün səsini ucaltmağa çağırıram,” o facebook səhifəsində qeyd edib.

İctimai fəal Sanay Yağmur ‪#‎fikirləriazadet haştaqı yaradıb.

“Repdə Paşalara toxunan yeganə nöqtə “Götürəcəyəm ölkəni necə Paşabank” cümləsidir. Buna görə də adam 4 gündür "Bandotdel"də işgəncə altında saxlanılır. Təcili şəkildə Pərviz Quluzadə (Paster) azad olunmalıdır,” Sanay Yağmur yazır.

Keçmiş siyasi məhbus İlkin Rüstəmzadə bildirir ki, ölkənin məşhur reperlərindən biri Paster "Gang" klipində "Götürəcəyəm ölkəni necə Paşabank" dediyi üçün 4 gündür "Bandotdel"də işgəncə altındadır.

“Buradan Vilayət Eyvazova (daxili işlər naziri-red) səslənirəm. Təcili şəkildə, Pərviz Quluzadəni (Paster) azad edin. Söyməyib, təhqir etməyib, azad sözünə görə insanı incitməzlər!" o yazıb.

İctimai fəal Həbib Müntəzir yazır ki, ölkənin məşhur reperlərindən biri Paster "Gang" klipində "Götürəcəyəm ölkəni necə Paşabank" dediyi üçün 4 gündür "Bandotdel"də işgəncə altındadır.

“Burdan Vilayət Eyvazova səslənirəm. Təcili şəkildə, Pərviz Quluzadəni (Paster) azad edin. Söyməyib, təhqir etməyib, azad sözünə görə insanı incitməzlər. Budur islahatınız?” o qeyd edib

Hüquq müdafiəçisi Anar Məmmədli bildirir ki, gənc reperin bəstəsinə görə saxlandığı deyilir.

“Əgər repdən də özünüzə yaltaqlar çıxartmaq istəyirsizsə, əməkdar artist və xalq artisti düzəltdiklərinizin "əməyinə" insafsızlıq edirsiz,” o deyib.

XS
SM
MD
LG