Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov atasının 40 mərasiminə buraxılmaması ilə əlaqədar öz vəkili vasitəsilə bəyanat yayıb.
“İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlaşıqla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”, bəyanatda deyilir.
Jurnalistin vəkili Elmar Süleymanov Amerikanın Səsinə R.Mirqədirovun yas mərasiminə buraxılmamasından təəssüfləndiyini bildirib.
Onun sözlərinə görə, qanunvericilik baxımından indiki halda hüquqi normaların pozuntusu yoxdur. Eyni zamanda qanunvericilik R.Mirqədirova bu cür imkanın verilməsini istisna etmir.
Lakin müdafiə tərəfi jurnalistin atasının onların mənzilində axtarış aparılandan sonra vəfat etdiyini, R.Mirqədirovun şəxsiyyətini nəzərə alaraq istintaqın onun yas mərasimində iştirakına şərait yaradılacağına ümid edirdi.
Eyni zamanda vəkil diqqəti ona yönəldib ki, istintaq qanunvericiliyə əsaslanmayıb, vəkillərin müraciətinin alınmaması barədə arqumentlər gətirib.
Vəkil Baş Prokurorluğa müraciətinin hələ ötən həftə ünvana çatması barədə poçt qəbzini göstərib.
Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs edilib. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunur. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.
Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edir.