Accessibility links

Jurnalistin həbsi birmənalı qarşılanmır


Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov dövlətə xəyanətdə şübhəli şəxs qismində saxlanıb

Aprelin 19-da Türkiyədən deportasiya olunan “Ayna-Zerkallo” qəzetinin müxbiri Rauf Mirqədirovun Bakıda saxlanması yerli hüquq-müdafiəçiləri və siyasi qurumlar tərəfindən tənqdlə qarşılanıb.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, Mirqədirov Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə şübhəli şəxs qismində saxlanıb. Bu gün jurnalistə qarşı ittihamın elan ediləcəyi gözlənilir.

Mirqədirov artıq 3 ildir ki, Türkiyədə akreditasiya olunub. O, ailəsi ilə Ankarada yaşayırdı. Müxbirin akreditasiyası qəflətən ləğv edilib, aprelin 18-də Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya olunub.

Jurnalistə qarşı sərt münasibətin başlanması Türkiyə baş naziri Ərdoğanın Bakıya səfərindən sonraya təsadüf edir.

“Ayna-Zerkalo”qəzetinin redaktoru Elçin Şıxlı bildirib ki, R.Mirqədirova təzyiqlər iki həftə öncə başlayıb. “Onu gözlənilmədən akkreditədən məhrum ediblər. Bundan sonra biz Türkiyənin Bakıdakı səfirinə və Azərbaycanın Ankaradakı səfirliyinə müraciət etdik. Oradan heç bir cavab almadıq. Bundan sonra akkreditədən məhrumetmədən şikayət verilməsi ilə bağlı vəkilin cəhdlərinə belə baxılmadı. Sonradan Raufa bildirilib ki, aprelin 23-dək Türkiyəni tərk etməlidir və bir daha ora gəlməməlidir”.

Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir ki, tanınmış jurnalist-tədqiqatçı Rauf Mirqədirova Cinayət Məcəlləsinin 274-cü maddəsi üzrə (dövlətə xəyanət, casusluq, cəza müddəti - 10 ildən ömürlük həbsə qədər) ittihamın irəli sürülməsi avtoritar rejimin repressiyalarının tam azğınlığının bariz sübutudur. "Ermənistanın vətəndaş cəmiyyəti ilə hər hansı əlaqələrə və "xalq diplomatiyası"na tam qadağa qoyulduğu deməkdır. “Зеркало” qəzetinin Türkiyədə akkreditə edilmiş müxbiri olaraq R.Mirqədirov üç il ərzində Ankarada yaşayıb və işləyib, müntəzəm surətdə qəzetin ön səhifəsində analitik məqalələr dərc etdirib və eyni zamanda "xalq diplomatiyası" üzrə Azərbaycan-Ermənistan layihələrində iştirak edib”, sənəddə qeyd edilir.

Sülh və Demokratiya İnstitutu bildirir ki, jurnalist-tədqiqatçı Rauf Mirqədirova - Ermənistanda keçirilən konfransların və onların erməni QHT-ləri ilə birgə layihələrinin fəal iştirakçısına qarşı dövlətə xəyanət və casusluq ittihamı irəli sürülməsi Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının bundan sonra Ermənistana səfərlərini, Azərbaycanda xalq diplomatiyası və vətəndaş cəmiyyətinin inkişafını qeyri-mümkün edir.

Milli Şuranın sədri Cəmil Həsənli isə öz Facebook səhifəsində yazır ki, tanınmış jurnalist Rauf Mirqədirovun həbsi Azərbaycan cəmiyyətinə ağır zərbədir. “Rauf müstəqillik dövründə Azərbaycan jurnalistikasının yetirdiyi ən peşəkar, ən istedadlı qələm sahiblərindən biridir”.

O bildirir ki, Rauf Mirqədirov Azərbaycan mətbuatının çox az təmsilçilərindəndir ki, onun yazdıqları ictimai rəyə təsir edə bilir, onu formalaşdıra bilir, ölkənin daxili və xarici siyasətinin müəyyən edilməsində nəzərə alınır: “Onun Qarabağ problemi, Ermənistan təcavüzü haqqında yazdığı yüzlərlə təhlillərə dünyanın ən mötəbər strateji araşdırma mərkəzlərində istinad edilir. Rauf Azərbaycan problemləri barədə xarici mətbuatın etibar etdiyi, inandığı ən mötəbər qələm sahibidir”.

Cənab Həsənlinin fikrincə jurnalisti vətənə xəyanətdə ittiham etmək sadəcə olaraq gülüncdür və gülünc olduğu qədər də hüquqa ziddir. “Ancaq 37-ci ildə insanları qəfil “vətənə xəyanət” ittihamı ilə həbsə alırdılar və həmin vaxt bu ittihamlar bir qayda olaraq siyasi məzmun daşıyırdı. Raufun həbsi XXI əsr Azərbaycanının 37-ci ildən çox da uzaq olmadığının acı bir reallığıdır”, deyə Milli Şuranın sədri qeyd edir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com saytına deyib ki, R.Mirqədirovun dövlətin əleyhinə hansısa hərəkətə yol verməsinə inanmır: “Onun məqalələrində heç zaman Azərbaycana qarşı fikirlər olmayıb. Rauf Mirqədirov jurnalistdir və tənqidi yazılar yazmağa haqqı var. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq həftənin ilk günündən jurnalistin həbs ilə məşğul olmağa başlayacağıq. Mən heç cür inana bilmirəm ki, Rauf dövlətinin əleyhinə iş görsün”, hüquq müdafiəçisi bildirib.

Rəsmi qurumlar Mirqədirovun saxlanmasına hələ münasibət bildirməyib.
XS
SM
MD
LG