İrandan olan Siyasi Qaçqınlar Komitəsinin üzvü Rəhim Cavadbəyli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycandakı siyasi qaçqınlar, onların problemləri, sosial vəziyyətlərinin ağırlığından danışıb.
Sual: Son illər ərzində İrandan Azərbaycana nə qədər siyasi qaçqın gəlib?
Cavab: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyinə İrandan siyasi təqiblərə görə qaçmış 116 nəfər müraciət edib. Bunların içərisində ailəli olanlar və subaylar var.
Sual: Bu il yanvarın 25-də İrandan olan siyasi qaçqınlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi önündə etiraz aksiyası keçirib. Etirazınızın səbəbi nədir?
Cavab: Bu etirazda 8 nəfər siyasi qaçqın iştirak etmişdi. Biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyasi qaçqınlara laqeyd münasibətinə etiraz edirik. BMT siyasi qaçqınların işlərinə ədalətli yanaşmır, mandatları olmasına baxmayaraq üçüncü ölkəyə göndərilməsini yubadır, qaçqınların sosial, maddi və tibbi problemləri ilə bağlı çoxsaylı problemləri həll etmir. Biz qətnaməmizi BMT-yə təqdim etdik.
Bundan sonra, İranın Azərbaycana qarşı qərəzli təbliğatda istifadə olunan Səhər televiziyası bu aksiyanı əsas tutaraq, bizə qarşı şantaj kampaniyasına başlayıb.
Sual: Təhlükəsizliyiniz necə təmin edilir?
Cavab: Bizim təhlükəsizliyimizin təminatı sual altındadır. 2003-cü il dekabrın 17-də yaşadığım ev yandırıldı və mən uzun müddət xəstəxanada qaldım.
İndi isə İranın Səhər TV, Əlborz TV, Fras TV, İRNA bizi şantaj edir, terrorçu, islam düşməni adlandırır. Bir sözlə həyatımız daimi risk altındandır.
Sual: İrandan olan siyasi qaçqınların əsas problemləri nədir?
Cavab: Siyasi qaçqınların təhlükəsizliyi gərəyincə qorunmur. Risk altında yaşayırıq.
Tibbi və maliyyə problemlərimiz var.
Sual: Qaçqın uşaqların təhsil hüququ bərpa edilirmi?
Cavab: Ali təhsillə bağlı problem həll edilməyib. Burada on il yaşayanlar var, o cümlədən mən 8 ildir Azərbaycandayam ancaq təhsil hüququm təmin edilməyib.
Sual: Bəs, orta təhsil hüququ təmin edilirmi?
Cavab: Orta təhsil hüququ təmin edilib.
Sual: İş yerləri tapa bilirsinizmi?
Cavab: Xeyr. Birmənalı şəkildə deyə bilərəm ki, işləmək hüququmuz təmin edilmir. Bizə verilən sənədlə hətta telefon nömrəsi ala bilmərik. Bu sənədlə hüququ şəxs kimi çıxış edə bilmirik.
Sual: Maddi problemlərinizi necə təmin edirsiniz?
Cavab: Yalnız küçələrdə durmaqla saata, günəmuzd işlər axtarırıq.
Sual: Problemin həllini nədə görürsünüz?
Cavab: Azərbaycan konstitusiyasında siyasi sığınacaq hüququ nəzərdə tutulub. Ancaq, bizə bəlli olmayan səbəblərdən, Azərbaycan siyasi qaçqınlara siyasi sığınacaq vermir. Yəni sosial problemlərə görə ölkəyə gələnlərə verilən qaçqınlıq sənədi, həm də siyasi qaçqınlara verilir. Biz, siyasi qaçqınlar bir il yarım həmin sənəddən imtina etdik. Amma, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı həmin sənədi götürmədən hər hansı maddi yardımın mümkün olmadığını bildirdi. Biz məcbur olub, həmin sənədi götürdük. Bundan sonra BMT dedi ki, Azərbaycanın sənədini qəbul edibsinizsə, probleminizi də Azərbaycan hökuməti həll etməlidir. İndi, bizim üçüncü ölkəyə köçürülməyimizlə bağlı məsələni BMT Miqrasiya Xidmətinin üzərinə, Miqrasiya Xidməti isə BMT-nin üzərinə atır. Nə insan kimi yaşamağımıza şərait yaradılır, nə də üçüncü ölkəyə köçürülmürük. Odla su arasında qalmışıq. İndi də İranın televiziyaları, mətbuatı bizi dinsiz, terrorçu adlandırmaqla təhlükə altına atıb. Buna isə nə Miqrasiya Xidməti, nə də BMT münasibət bildirir. Problemlərimizin həlli xahişi ilə prezident İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Miqrasiya Xidmətinin rəhbərinə və digər nazirliklərə, beynəlxalq təşkilatlara, səfirliklərə müraciət ünvanlamışıq. Burada bizim təhlükəsizliyimizə qarantiya yoxdur. Ona görə də üçüncü ölkəyə köçürülməyimizi istəyirik.
Əsas problem hüquqi sahədədir. Burada sənədimiz yoxdur, hər hansı xarici ölkəyə gedə bilmirik, münbit yaşayış şəraitimiz yoxdur, hakimiyyətlərarası siyasi münasibətlər rahat yaşamağımız üçün məqbul deyil.
İstərdim ki, mənə hüquqi cəhətdən tanınan sənəd verilsin, Azərbaycanda yaşayım. Bura İrana yaxındır. Oradakı prosesləri izləyə bilirik. Hər halda, İranda yaşayan 40 milyon türkün milli-mədəni hüquqları uğrunda mübarizə aparmışıq.
Sosial çətinliklər də bizi ağır duruma gətirib. Mən İranda güləşlə məşğul olmuşam. Amma, səkkiz illik qaçqınlıq həyatımda 400 dərəcəlik revmatizm tapmışam, şəkər xəstəsiyəm, görmə qabiliyyətimin 80 faizini itirmişəm. Görmə qabiliyyətim daha 10 faiz azalarsa, kor ola bilərəm.
Azərbaycan konstitusiyasına uyğun olaraq, bizim siyasi kimliyimizi tanımalı və siyasi qaçqın statusu verməlidir. Belə olarsa, bizim üçün Azərbaycandan münbit ölkə yoxdur. Azərbaycan mənim vətənimdir, qanım qanından, dilim dilindəndir.
Öz növbəsində, Milli Məclisin deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılov “İkili vətəndaşlıq haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasının vacibliyini deyib. Onun fikrincə, Azərbaycan dünyada yaşayan 50 milyon azərbaycanlının vətənidir. “Prezident İlham Əliyev Azərbaycan Respublikasının dünyada yaşayan 50 milyon azərbaycanlının vətəni olduğunu bəyan edib. Vətənsiz vətəndaş olmaz”, - deyə cənab İsmayılov qeyd edib.
Eyni zamanda, Milli Məclisin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı hökuməti İrandan olan çoxsaylı qaçqının problemlərinin həllinə çağırıb. “İrandakı ağır rejimdən canını qurtarıb Azərbaycanda sığınan yüzlərlə qeydiyyaı olmayan, işsiz insan var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onları illərdir gözlədir, üçüncü ölkəyə getmələrinə şərait yaradılmır. Burada, dünyanın hər yerindən olan insanlara iş tapılır, İran rejimindən qaçıb gələn soydaşlarımıza iş tapılmır. Azərbaycan hökuməti onlara sığınacaq da vermir”.
Azərbaycan Miqrasiya Xidmətinin mətbuat xidmətindən İrandan olan azərbaycanlıların problemləri ilə bağlı sualımıza cavab almaq mümkün olmayıb. Belə ki, mətbuat xidməti bu sualı xidmətə “Amerikanın Səsi” radiosunun direktorunun yazılı şəkildə göndərməsinin lazımlığını bəhanə gətirərək suala cavab verməyib.
Hüquqi Dövlət Araşdırmaları Fondunun prezidenti Müzəffər Baxışov da Azərbaycandakı İranlı qaçqınlarla bağlı problemlərin olduğunu bildirib. “Azərbaycan konstitusiyası şəxslərə siyasi sığınacaq verilməsi barədə beynəlxalq qaydaları tanıyır və müvafiq qanunvericiliyə əsasən ölkədə bu hüquqla bağlı müraciətlərə Azərbaycan Miqrasiya Xidməti baxır. Bu xidmət qaçqınlarla müsahibələr aparır, sənədlərini yoxlayır və onlara qaçqın statusu verilib-verilməməsi barədə qərar qəbul edir. Miqrasiya Xidmətinə 2008-ci ildə 100 müraciət edilib və onlardan yalnız biri qəbul olunub. 2009 və 2010-cu illərdə də 2008-ci ildəki tendensiya davam edib. Azərbaycanın tutduğu mövqe İranla əlaqələrlə bağlı qayğılardan qaynaqlanır. Azərbaycan Respublikası bu qayğıların hesabına İran vətəndaşlarına qaçqın statusu verməkdən çəkinməməlidir”.