Accessibility links

İranda müxalifətinin liderləri xalqa müraciət edib


Iranian anti-government protesters set a garbage can on fire, in Tehran, Iran, February 14, 2011
Iranian anti-government protesters set a garbage can on fire, in Tehran, Iran, February 14, 2011

14 fevral etirazlarında azı 2 aksiyaçı həlak olub, bir neçə nəfər bədən xəsarəti alıb, 1500 nəfər tutulub. Tutulanlar arasında azərbaycanlı müxalif ruhani ayətullah Əsədullah Bayat Zəncaninin 2 övladı da var

Iran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi ayrı-ayrılıqda xalqa müraciət edərək müxalifətin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə fevralın 14-də keçirdiyi dinc yürüşün hakimiyyətin zorakılığına məruz qalmasından təəssüfləndiklərini bildirib. Bu barədə Media forum saytı məlumat yayıb.

Xəbərdə deyilir ki, aksiyalar paytaxt Tehranda və İranın başqa iri şəhərlərində keçirilib və qanlı qarşıdurmalarla yekunlaşıb. Hüquq mühafizə qüvvələri əməkdaşlarının odlu silahdan açdığı atəş nəticəsində azı 2 aksiyaçı həlak olub, bir neçə nəfər bədən xəsarəti alıb, 1500 nəfərə yaxın aksiyaçı tutulub. Qarşıdurmalar zamanı bir neçə polis də xəsarət alıb.

Saytın məlumatına görə, 14 fevral yürüşünün təntənəli keçirildiyini bildirən Musəvi həlak olanlarla bağlı xalqa başsağlığı verib: “Cəmiyyətdəki qəhrəman qadın və kişilərin iştirakı ilə iqtidarçılarla bədxahların gözü qabağında keçirilən bu yürüş böyük xalqımızın və “yaşıl hərəkat”ın uğuru sayılır. Bu yürüş iki tərəfdən hücuma məruz qaldı. Bir tərəfdən gözlərini vəzifə, kreslo və var-dövlətə tikmiş hakimiyyətdəkilərin hücumuna, digər tərəfdən isə öz mənafeləri üçün bulanıq suda balıq tutmağa cəhd göstərən bəzi əcnəbi və beynəlxalq qüvvələrin hücumuna. Hər ikisi də bizim hərəkatımızı sionizmə və Amerikaya bağlayır. Halbuki bizim ən böyük iftixarımız İrandakı “yaşıl hərəkat”ın müstəqilliyi və öz gücünü xalqdan almasındadır”.

Mehdi Kərrubinin müraciətində deyilir: “Təəssüflər olsun ki, xalqın dinc yürüşü bir daha hakimiyyətdəki müəyyən qüvvələrin hücumu və zorakılığına məruz qaldı. Nəticədə yürüşə qatılan bir neçə günahsız insan həlak olub, bir qismi yaralanıb, çoxlu sayda insan isə tutulub.

Mən xalqla bağladığım əhdə sadiq qaldığımı bildirərək elan edirəm ki, heç bir təhdiddən qorxmur, İran islam inqilabının ilkin ideyaları gerçəkləşənə qədər xalqın hüququ uğrunda mübarizəmi davam etdirəcəm. Mən xalqın sıravi əsgəriyəm və bu yolda hər şeyi qurban verməyə hazıram”.

Media Forum saytının digər xəbərində isə deyilir ki, aksiyalarda azərbaycanlı müxalif ruhani ayətullah Əsədullah Bayat Zəncaninin 2 övladı tutulub.

Sayt bildirir ki, ETTELAAT-ın mülki geyimli əməkdaşları Qum şəhərindən aksiyaya qatılmaq üçün paytaxta gələn ayətullah Bayat Zəncaninin oğlu Məhəmməd Mustafanı və qızı Susəni Tehranın Sadiqiyyə meydanındakı metro stansiyasından çıxıb aksiyaya qatıldıqdan sonra tutub aparıb. Onların Tehranın Evin zindanında saxlandığı bildirilir.

İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei isə fevralın 16-da jurnalistlərə açıqlamasında müxalifətin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sərt bəyanatlar səsləndirib.

Qulamhüseyn Ejei deyib: “Fitnə başçılarının bu son hərəkətini heç cür bağışlamaq olmaz. Bu şəxslər (Musəvi və Kərrubi) ölkənin əsas düşmənləri olan ABŞ və sionist rejimlə əməkdaşlıq edərək böyük cinayətin iştirakçısı olub. Onlar ölkə düşmənləri ilə səs-səsə verərək cinayət törədib. Bu şəxslər qəti şəkildə mühakimə olunaraq öz cəzalarına çatacaq. Çünki onlar xalqı yenidən üsyana, küçələrə çıxaraq ölkədəki sabitliyi pozmağa və hökumət əmlakını yandırmağa çağırıb”.

XS
SM
MD
LG