Accessibility links

İranda Amerikanın Səsi və BBC ilə əməkdaşlıq qadağan olunub


İranda Amerikanın Səsi və BBC ilə əməkdaşlıq qadağan olunub
İranda Amerikanın Səsi və BBC ilə əməkdaşlıq qadağan olunub

Komandan deyib ki, bu şəbəkələrlə əməkdaşlıq media ilə əməkdaşlıq yox, düşmənin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq deməkdir. ETTELAAT bu şəbəkələrlə hər hansı əməkdaşlığı nəzarətdə saxlayır.

Oktyabrın 21-də jurnalistlərə açıqlama verən İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm bu ölkədə BBC və Amerikanın Səsi teleradioları ilə əməkdaşlığın qadağan olduğunu bildirib.

“Media forum” saytının məlumatına görə, İsmayıl Əhmədi Müqəddəm deyib ki, peyk antenləri vasitəsilə yayılan şəbəkələrdə fəaliyyət göstərmək istəyənlər İranın İrşad və Mədəniyyət Nazirliyindən icazə almalıdır: “BBC və Amerikanın Səsi şəbəkələri isə ABŞ təhlükəsizlik orqanlarının qolları kimi fəaliyyət göstərir. Bu şəbəkələrlə əməkdaşlıq media ilə əməkdaşlıq yox, düşmənin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq deməkdir. ETTELAAT bu şəbəkələrlə hər hansı əməkdaşlığı nəzarətdə saxlayır, lazım olsa, ciddi tədbir görəcək”.

Sentyabrın 17-si və 18-də BBC-nin farsdilli televiziyası ilə gizli əməkdaşlıqda, ona sənədli film çəkməkdə günahlandırılan 8 iranlı kinorejissor - Möhsün Şəhrnazdar, Şəhnam Bazdar, Mehran Zinətbəxş, Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulmuşdu.

Oktyabrın 5-də jurnalistlərə açıqlama verən BBC şirkətinin xəbər xidmətinin rəhbəri Piter Horroks şirkətin farsdilli radio və televiziyasında çalışan 10 iranlının ailə üzvlərinə təzyiq edildiyini demişdi: “İran polisi həmin şəxslərin ailə üzvlərini təhdid edib, dindirib, əzab-əziyyətə məruz qoyub. 10 işçimizin ailə üzvlərinin pasportlarını əllərindən alıb, evlərində axtarış aparıblar, özlərini də qorxudurlar. Onlara təzyiq göstərərək deyiblər ki, ya BBC-də çalışan yaxınlarınız bir də kamera qarşısına çıxmasın, İrana qayıtsınlar, ya da BBC-nin fəaliyyəti haqqında gizli şəkildə məlumat toplayaraq İran rəsmilərinə ötürsünlər”.

XS
SM
MD
LG