Sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib.
“Media forum” saytı xəbər verir ki, bu istefa İranın bank tarixindəki ən böyük oğurluğun üstü açılandan az sonraya təsadüf edir. Uzun müddət davam etmiş ardıcıl oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.
Sentyabrın 19-da ölkənin baş prokuroru Qulamhüseyn Möhsüni Ejei hadisə ilə bağlı 19 nəfərin tutulduğunu söyləyib.
Saytlarda yayılan xəbərlərdə Mahmudrza Xavərinin İran Milli Bankının icraçı direktoru vəzifəsindən istefa verməsinin də 3 milyard dolların mənimsənməsi hadisəsi ilə bağlı olduğu bildirilir. Məlumatlarda iddia olunur ki, icraçı direktorun mənimsəmədə iştirakı olub və o, istefa verməyə məcbur edilib.
Hazırda Dünya Bankının növbəti iclasına qatılmaq üçün Vaşinqtonda olan İranın iqtisadiyyat nazirinin Mahmudrza Xavərinin istefa ərizəsini qəbul etdiyi deyilir.