Mayın 22-də Amerikada yaşayan azərbaycanlılar İran Azərbaycanı ərazisindəki Urmu gölünün qurumasına etiraz olaraq ABŞ Dövlət Departamentinin binası qarşısında piket keçirib. Əsasən İrandan ABŞ-a mühacirət etmiş azərbaycanlıların iştirak etdiyi aksiyada Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Dirəniş təşkilatının nümayəndələri də qatılıb. Etirazçılar üzərində “Urmu gölü quruyur!”, “Urmu gölünü xilas edin!”, “Siyasi məhbuslara azadlıq!”, “Ana dilində məktəb!” şüarları yazılmış plakatlar qaldırıb. Əsasən səssiz keçən aksiya ətrafdan keçənlərin və eləcə də diplomatların diqqətini cəlb edib.
Daha sonra Dövlət Departamentinin İran masasını təmsil edən ABŞ diplomatı etirazçılara yaxınlaşaraq onların tələbləri və problemləri ilə maraqlanıb. Aksiyaçılar tələblərinin yalnız mədəni və təbii məsələlərlə bağlı olduğunu bildirərək göl quruyacağı təqdirdə orada yaşayan 10 milyonlarla insanın regionu tərk etmək məcburiyyətində qalacağını dilə gətirib. ABŞ rəsmisindən İranda yaşayan azərbaycanlıların problemlərinə diqqəti artırmağı xahiş edən piket iştirakçıları Urmu gölü ilə bağlı məlumatları mətbuatın izləməsini xahiş edib. Daha sonra onlar tələbləri ilə bağlı bəyanatı Dövlət Departamentinin rəsmisinə təqdim edib.
Sonda piketin bəyanatı ucadan səsləndirilib və etirazçılar oxşar aksiyanı İranın maraqlılarını ABŞ-da təmsil edən nümayəndəliyin binası qarşısında da davam etdirib. Orada da 2 saata yaxın etirazlarını bildərən nümayişçilər belə aksiyaların davamlı olacağını bildirib.