Accessibility links

Deputatlığa namizəd Ramin Hacılının tapıldığı bildirilir [Yenilənib]


Ramin Hacılı (Foto Ramin Hacılının Facebook səhifəsindən götürülüb)
Ramin Hacılı (Foto Ramin Hacılının Facebook səhifəsindən götürülüb)

Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılının yeri müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlaqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin bir az əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

***

Oktyabrın 25-də axşam saatlarında Azərbaycan Avropa Hərəkatının rəhbəri, Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb. Bu barədə Hacılının həyat yoldaşı Aysel Əlizadə Amerikanın Səsinə bildirib.

O, Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil.

“Polisə məlumat vermişik, axtarırlar”, Əlizadə qeyd edib.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə isə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. Ramin Hacılı həm də Əlizadənin səlahiyyətli nümayəndəsidir.

“Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir. Ramin mənim səlahiyyətli numayəndəmdir. Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürmür. Narahat oldum. Bir neçə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi. Nəhayət, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdik”, Əlizadə bildirib.

Ramin Hacılı oktyabrın 25-də saat 18 radələrində Facebook səhifəsində Azərbaycan prezidentinə müraciətini yayıb. O bildirir ki, ölkədə korrupsiya və rüşvətin qarşısının alınması üçün gənclərin potensialından istifadə edilməlidir.

Hacılı həmçinin deputatlığa namizəd olduğu seçki dairəsində yerli hakimiyyət qurumlarının potensialından Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə istifadə olunduğunu deyir və prezidentdən bunların qarşısının alınması üçün kömək istəyir.

Ramin Hacılının yoxa çıxması müraciətinin yayılmasından bir neçə saat sonraya təsadüf edir.

Hüquq-mühafizə orqanlarından Ramin Hacılının yoxa çıxması ilə bağlı məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG