“Bir musiqi insanı ən başda öz sənətini azadca ifa etmək istəyir. İranda ikən həmişə bir şeylər əskik idi. Çünki özünü ifadə etmək istəyirsən amma buna haqqın olmur.” Bu sözləri təqribən 10 ildir Türkiyədə mühacirətdə yaşayan müğənni Ramin Marağalı Amerikanın Səsinə müsahibədə ifadə edir.
Əslən Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindən olan Ramin Marağalı müxtəlif bölgələrin musiqilərinin fərqli janrlarında dərslər alıb. Amma o, hazırda özünü bir türk xalq musiqisi sənətkarı və folklorçu kimi görür.
İslami İrşad İdarəsi sıxıntı yaratdı ki, ‘məni atdın ay qız atəşə’ olmaz və buraya ayrı söz qoymalısan. Mən də dedim, bu orijinal mahnıdır axı, necə olmaz? Münaqişə çıxdı, oxuya bilmədik.
“Marağada fəaliyyətim ilk İran musiqisi ilə başladı. Bir iki il fəaliyyətdən sonra bir ustadım məni Tehranda önəmli bir sənətçinin yanına aparmışdı. Ona dedi, bunun gözəl səsi var. Mən ona oxudum. O dedi ki, çox yaxşı oxuyur, amma heyif bu uşağa ki, türkdür” müğənni söyləyir.
Həmin olay ona çox təsir edir və muğam, aşıq musiqisi və bağlama dərsləri almağa başlayır:
“Bu, mənim üçün fərqli bir dönüş nöqtəsi oldu. Döndükdən sonra mən Azərbaycan musiqisini, türk musiqisini araşdırmağa başladım.”
Sənətkar bu dönəmdən sonra Təbriz və Marağa kimi şəhərlərdə konsertlər təşkil edib.
“İlk başda yarı farsca yarı türkcə konsertlərim oldu. Türkcəni zorla soxurduq araya, onu da bir çox sıxıntı ilə... Sonra bir kərə mənim çox önəmli bir konsertim oldu. Bu, tamamilə Azərbaycan musiqisi idi. İslami İrşad İdarəsi sıxıntı yaratdı ki, ‘məni atdın ay qız atəşə’ olmaz və buraya ayrı söz qoymalısan. Mən də dedim, bu, orijinal mahnıdır axı, necə olmaz? Münaqişə çıxdı, oxuya bilmədi” , müğənni qeyd edir.
İranda peşəkar musiqi həyatını yaşaya bilmədim. Bir musiqi insanı ən başda özgürcə öz işini etmək istəyir. Amma İranda buna haqqın olmur.
O əlavə edir, “[sonra] oxumağa izin ala bilmədik. Ona görə biz hər zaman elə dağlarda oxuyurduq. Babək qalasında, Savalan dağında, Səhənd dağında, toylarda çıxıb türk musiqimizi səsləndirirdik. Belə bir həyatımız var idi. Orada peşəkar musiqi həyatını yaşaya bilmədik... Bir musiqi insanı ən başda özgürcə öz işini etmək istəyir. Mənim yaxşı imkanlarım var idi. Ailə olaraq maddi-mənəvi çətinlik yox idi. Amma bir şeylər hər zaman əskik idi. Çünki, özünü ifadə etmək istəyəndə buna haqqın olmurdu...”
Ramin Marağalı mühacirətin gətirdiyi çətinliklərə baxmayaraq, Türkiyədə sənət fəaliyyətləri ilə məşğul olmaq üçün daha yaxşı fürsətlər əldə etdiyini önə çəkir:
“Türkiyəyə gəldikdən sonra artıq durum çox dəyişik idi. Bir çox konsertlər, proqramlar oldu. Burada özünü çox rahat tanıtdıra bilirsən... İlk gəldiyim illərdə TRT Avaz televiziyası məndən bir sənədli film çəkdi. Bu mənim üçün çox önəmli oldu. Həyatımda müsbət yönləri oldu. Türkiyənin bir çox şəhərində konsertlərim oldu. İndi də davam edir...”
Sənətkar əlavə edir, “mən bir türk xalq musiqisi sənətçisiyəm. Həm Azərbaycan, həm Anadolu. Burada getdiyim konsertlərdə hansı bölgəyə gedirəmsə, o bölgənin iki üç mahnısını da səsləndirirəm... Hiss edirəm ki, öz tərzimdə bir müzik ortaya çıxır. Mənə deyilən də budur.”