Son həftə ərzində İran Azərbaycanında milli fəallar müxtəlif həbs cəzalarına məhkum ediliblər. Tanınmış insan haqları fəalı Abbas Lisani 8 il həbs cəzasına və ailəsi ilə 2 il müddətinə sürgünə məhkum edilib. Müşahidəçilərin bir hissəsi beynəlxalq təzyiqlərə məruz qalan İran rejiminin milli azlıqlara qarşı repressiyaları artırdığını hesab edir. Vaşinqton Universitetində sosiologiya ixtisası üzrə doktorantura tələbəsi Ramin Cabbarlı Amerikanın Səsinin Amerika İcmalı proqramında müsahibəsində İran Azərbaycanında son həbs dalğası haqda danışıb.
Ramin Cabbarlı Abbas Lisaniyə qarşı irəli sürülmüş ittihamların hüquqi əsası olmadığını deyib və məhkəmə qərarını İran Azərbaycanında “milli fəalların aktivliyinə cavab olaraq həbs dalğası” adlandırıb.
“Abbas Lisaniyə qarşı əsas ittihamlar qanunsuz qrup təşkili olub. Amma hansı qrup təşkil etməsi ilə bağlı məlumat yoxdur. Çünki bunlar əslində, daha çox rejimin qərarıdır, azərbaycanlı fəallarla bağlıdır.”
Ramin Cabbarlı milli fəallara uzun müddətli həbs cəzallarının verilməsinin səbəblərindən danışıb.
İran rejimi azərbaycanlılarla repressiyalar yolunu seçir. Çünki azərbaycanlıların siyasi tələblərini yerinə yetirmək İranda böyük bir siyasi dəyişikliyə gətirib çıxara bilər.
“Son zamanlar xarici təzyiqlər artdığı üçün İran milli fəalları, insanları səfərbər etmək gücü olan milli fəalları təzyiqlərə məruz qoymaqla, gələcəkdə İrana qarşı məhdud da olsa, hər hansı hərbi müdaxilə olduğu halda azərbaycanlılar aktivlik göstərə bilməsinlər deyə, onları təzyiq altına alır.”
Ramin Cabbarlının sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlərlə qarşılaşan İran rejimi milli fəallara qarşı repressiyaları artıra bilər.
“İran rejimi azərbaycanlılarla repressiyalar yolunu seçir. Çünki azərbaycanlıların siyasi tələblərini yerinə yetirmək İranda böyük bir siyasi dəyişikliyə gətirib çıxara bilər. Eyni zamanda, azərbaycanlılar Azərbaycandan sonra İranın mərkəzi bölgəsində də ağırlıqdadırlar və bunların tələblərini yerinə yetirmək İranda ciddi bir siyasi dəyişiklik tələb edir.”
Ramin Cabbarlı azərbaycanlıların dil və mədəni hüquqlarının təmin olunmamasının əsas səbəbinin onların siyasi ayrı-seçkiliyə məruz qalması ilə bağlı olduğunu bildirib.
Amma gerçəklik budur ki, azərbaycanlılar siyasi baxımdan ayrı-seçkiliyə məruz qaldığı üçün mədəni baxımdan da ayrı-seçkiliyə məruz qalıblar.
“Dil tələbi daha çox insanların mədəni baxımdan ayrı-seçkiliyə məruz qaldığını göstərir. Amma gerçəklik budur ki, azərbaycanlılar siyasi baxımdan ayrı-seçkiliyə məruz qaldığı üçün mədəni baxımdan da ayrı-seçkiliyə məruz qalıblar. Yəni onlara siyasi idarəçilikdə hər hansı bir yer verilməyib. Yəni azərbaycanlıların da istəkləri daha çox bu yöndədir. Yəni dil məsələsi, musiqi, başqa mədəni məsələlər bu siyasi ayrı-seçkiliyin nəticəsidir. Biz orada siyasi ayrı-seçkilik, iqtisadi ayrı-seçkilik, mədəni ayrı-seçkiliyi toplu bir şəkildə təcrübə edirik. Ona görə azərbaycanlı milli fəalların mübarizəsi bu ayrı-seçkiliklərin hamısına qarşı birlikdədir və bunun siyasi həlli olmadan, siyasi idarəçilik məsələsində dəyişiklik olmadan bu məsələ öz həllini tapa bilməyəcək.”