Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir ki, bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
“Xüsusi vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir”, prezident bildirir.
Təbrikdə xatırladılır ki, bu günlər cəmiyyət əsl bayram sevinci ilə yaşayır. “Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar dünyanın və ölkəmizin əmin-amanlığı naminə və vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirlər”.
Prezident Əliyev mərhəmət, şəfqət və bərabərlik rəmzi olan Ramazan ayında inanclı vətəndaşların tutduğu orucun, etdiyi dua və niyyətlərin allah dərgahında qəbul olunmasını diləyir. “Bir daha hər birinizin bayramını təbrik edir, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin!”, təbrikdə qeyd edilir.